...

“Şuşa ili” bu unikal mədəniyyət mərkəzinin Azərbaycana məxsus olmasını bir daha dünyaya çatdırır - Vüqar Rəhimzadə

Siyasət Şərh 5 Yanvar 2022 19:45
TurkicWorld Mustafa Askerbeyli
“Şuşa ili” bu unikal mədəniyyət mərkəzinin Azərbaycana məxsus olmasını bir daha dünyaya çatdırır - Vüqar Rəhimzadə

“2022-ci ilin ilk günlərini yaşayırıq. Yeni il hər zaman yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunduğundan ötən ilə baxış bir zərurət kimi qarşıda dayanır. Dövlət başçısı İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2021-ci ilin uğurları fonunda cari ildə görüləcək işlərin, hədəflərin aydın mənzərəsini təqdim edir. “Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, diplomatik uğurlarını əsaslı şəkildə, statistik rəqəmlərlə açıqladı. 2021-ci ili Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təsdiqi və qəbulu ili kimi qeyd etməyə mühüm əsaslar var. Atdığı hər addımında ədaləti və beynəlxalq hüququ əsas prinsip kimi öndə saxlayan Azərbaycan 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlara əsaslanan yanaşmaya son qoymaqla hansı gücə, imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdi. Heç şübhəsiz ki, beynəlxalq hüquqa, ədalətə əsaslanan mövqeyimiz döyüş meydanında üstünlüyümüzə geniş imkanlar açdı. Azərbaycan ötən il istər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, istərsə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası istiqamətində göstərdiyi səyləri və əldə etdiyi uğurları ilə diqqətdə oldu. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Müharibədən sonra cərəyan edən proseslər haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Vətən müharibəsi dövründə ölkəmizə qarşı səsləndirilən ittihamların əsassızlığı təsdiqləndi. Həmin reallıqların dünyada qəbul olunması Azərbaycanın diplomatik uğurlarının miqyasını daha da genişləndirdi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bəzi güclərin işğal, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə dəstəyi Ermənistana nə verdi? Təbii ki, heç nə. Azərbaycanın gücü, iradəsi qarşısında bu dəstəyin təsiri sıfıra bərabər oldu: “Dünya gördü ki, Azərbaycanı heç kim yolundan, mövqeyindən döndərə bilməz. Tarixi Zəfəri ilə ədalətin, beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya bəyan edən Azrbaycan postmünaqişə dövründə Moskva, Soçi və Brüssel görüşləri ilə diktə edən tərəf olduğunu, istər Ermənistanın, istəsə də dünya güclərinin reallıqlarla barışmaq məcburiyyətini sübut etdi. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritet məsələ kimi qarşıda dayanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ Vətən müharibəsinin gedişində qarşı tərəfə sülh təklifini etmişdi. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini gözləyən Ermənistan da düşdüyü çətin vəziyyətdən xəbərdardır. Ermənistan baş nazirinin Soçi və Brüssel görüşlərində irəli sürülən təkliflərə razılığı artıq çıxış yolunun olmadığını ortaya qoydu. Azərbaycan dövləti sülh təklifinin uzun müddət masa üzərində qalmasının mümkünsüzlüyünü bəyan etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi düşünməyə çağırış etdi. Son görüşlərə diqqət yetirsək müzakirələrdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsinə toxunulmur, artıq yeni siyasi vəziyyət formalaşdığı özünü qabarıq şəkildə göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin göstəriciləridir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır: “Bunun üçün son bir ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd edək ki, 2021-ci ildə ölkə Prezidentinin regionlara 47 səfəri olub ki, onların 32-si işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər özlüyündə Böyük Qayıdışa doğru bir addımdır. Yeni sosial obyektlərin təməlinin qoyulması, qısa müddət ərzində bir çoxunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı prioritetləri açıqlayarkən bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatın uğurla inkişaf etdirilməsini qarşıya əsas vəzifə kimi qoydu: “Ölkəmiz bərpa və quruculuq işlərini təkbaşına, heç kimdən yardım almadan həyata keçirir. 2022-ci ilin dövlət büdcəsində də bu işlərə kifayət qədər maliyyə vəsaiti ayrılıb. 2021-ci ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat 5,3 faiz, qeyri-neft iqtisadiyyatı 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir. Bu uğurlar ölkəmiz üçün təbiidir. Bu baxımdan ki, iqtisadiyyatın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın dayanıqlı inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurla icra edilməsi nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində iqtisadi tərəqqiyə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bununla ölkəmizin bütün çətinlikləri uğurla aradan qaldıraraq davamlı inkişafını təmin etməsinə şərait yaratdı. Enerji sektorundan asılılıq artıq minimuma endirilib. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün təsdiqlənən Milli Prioritetlər də gələcək inkişfın yol xəritəsidir.”

“2022-ci ilin ilk sosial paketi təqdim edildi” söyləyən Vüqar Rəhimzadə bildirib ki, yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıb.

YAP Xətai rayon təşkilatının sədri 2022-ci ilin “Şuşa ili” elan edilməsindən də böyük qürur hissi ilə bəhs edib: “Dövlət başçısının bir ildə işğaldan azad edilmiş ərazilərə 32 səfərinin 7-si Şuşaya olub. Bu artıq Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızın hər birimiz üçün önəmini açıqlayır. Şuşa bir ildə biri-birindən əhəmiyyətli hadisələrə, tarixi günlərə şahidlik etdi. Ən əsası “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Şuşanın Cıdır düzündən səslənən Azərbaycan muğamı bütün dünyaya səs saldı. Möhtərəm Prezidentimiz ad günündə Şuşaya səfəri zamanı “Şuşa hər birimizi özünə çəkir” söyləyərək Cıdır düzündən bu mesajı da ünvanladı ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək. Dövlət başçısının bu il Şuşa şəhərinin 270 illiyini nəzərə alaraq və mədəniyyət paytaxtımızın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları daha da qürurlandırdı. “Şuşa İli” bir daha təsdiqləyir ki, 28 il əsarətdə olsa da heç zaman sınmayan, milli kimliyimizi, qürurumuzu qoruyan Şuşamızda əbədi olacağıq. Dünya bir daha bu unikal mədəniyyət paytaxtının Azərbaycana məxsus olmasının şahidinə çevrilir.”

Məqalədə:
Xəbərlər

Xəbər lenti