Bakı. TurkicWorld:
Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Xarici siyasətində daim ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar davamlıdır. Bunun üçün cari ilin ötən dövründə Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin bu və ya digər dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, keçirilən beynəlxalq tədbirlər çərçivəsində liderlərin görüşlərinə diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizin, suverenliyimizin bərpası fonunda Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli bu əlaqələrin inkişafında mühüm rol oynayan əsas amillərdəndir.
Bu baxımdan aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizdə işgüzar səfərdə olmasını xüsusi qeyd etməliyik.. Son 30 ildən artıq müddətdə Azərbaycan və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər digər sahələrində inkişafına təkan verir və münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz daim bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Ümumiyyətlə, Azərbaycan ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrdə humanitar sahənin inkişafına öz töhfəsini verir. Bu, Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətindən irəli gəlir. 30 ildən artıq müddətdə Ermənistanın hərbi təcavüzünün yaratdığı humanitar fəlakətin ağrı-acılarını yaşamış Azərbaycan münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə humanitar dəstək verir. Bu humanitar dəstək bir neçə formada özünü göstərir. Bunlardan biri Ukraynadan olan uşaqların reabilitasiya proqramlarının həyata keçirilməsidir. Yaxın vaxtlara kimi özü bu problemi yaşamış Azərbaycan yaxşı bilir ki, müharibənin ilk psixoloji travmasını uşaqlar alır. Buna görə də mütəmadi əsasda ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası həyata keçirilir. Yaxın vaxtlarda ukraynalı tələbələrin Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək.
Azərbaycan və Ukrayna Prezidentlərinin aprelin 25-də Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, dövlət başçılarının mətbuata birgə bəyanatlarında bu məqamlara xüsusi diqqət yönəldildi. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Volodimir Zelenski bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir. Bu əlaqələr heç bir zaman başqa ölkələrə qarşı yönəlməyib. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Bu prinsiplərə riayət olunmadığı halda təhlükəsizlik, əməkdaşlıq, sülh şəraitində birgəyaşayış mümkünsüz hala gəlir.
Azərbaycan on illər boyu ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib. Ölkəmizin beynəlxalq ictimaiyyətə çağırışlarında sülh, təhlükəsizlik, əməkdaşlıq hər zaman öndə dayanır. Azərbaycan Ukrayna ilə Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır. Vaxtilə torpaqları 30 il işğal altında qalmış, soydaşları qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir ölkə kimi Azərbaycan hər zaman bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin tərəfdarı olub, eyni zamanda, bunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycanın sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində nümayiş etdirdiyi təcrübə bu gün beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan Ukrayna ilə Rusiya arasında müharibənin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Eyni zamanda, regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkə kimi gələcəkdə bu konfliktin sülh yolu ilə həlli üçün platforma rolunu oynaya bilər.
Azərbaycan və Ukrayna Prezidentlərinin mətbuata birgə bəyanatlarında bu reallıqlara xüsusi diqqət yönəldildi. Ukrayna Prezidenti görüşlərdə sülh sahəsində səylərin müzakirəsini önə çəkərək bildirdi ki, bu, yekun nəticədə müharibəyə son qoyulması Ukrayna üçün olduqca vacibdir. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq: "Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə."
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan həmişə özünə dost hesab etdiyi ölkələr arasında dostluq münasibətlərinin inkişafını təşviq edir, bu prosesə dəstək göstərir. Bu da Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biridir.
Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik ifadə edildi. Görüşlərin müntəzəm xarakter daşıdığını bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, son dörd il ərzində bu, yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi mühüm göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Qeyd edək ki, Volodimir Zelenski Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə səfər etmişdir. Görüşlərdə və dövlət başçılarının mətbuata birgə bəyanatlarında iki ölkənin Prezidentlərinin şəxsi münasibətlərinin də o vaxtdan başladığı və bu gün də uğurla davam etdiyi xüsusi vurğulandı. Dövlət başçısı İlham Əliyev, həmçinin 2022-ci ilin yanvarında Kiyevə səfərini də xatırladaraq bildirdi ki, aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Millət vəkili bildirib ki, Ukrayna Prezidentinin səfəri çərçivəsində əməkdaşlığın bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Bildirildi ki, Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafının böyük potensialı var. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir. Ukraynalı həmkarı ilə mətbuata birgə bəyanatlarında enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər səfər çərçivəsində ətraflı müzakirə edildi. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Vüqar Rəhimzadə qeyd edib ki, ölkələr arasında əlaqələrin inkişafında dövlətlərarası sənədlərin rolunu nəzərə alsaq məmnunluq hissi ilə qeyd edə bilərik ki, bu günədək Azərbaycan ilə Ukrayna arasında 160-dan artıq sənəd imzalanıb. Ukrayna Prezidenti mətbuata bəyanatında səfər zamanı 6 sənədin imzalandığını qeyd edərək onu da vurğuladı ki, heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq. Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın.
Millət vəkili Azərbaycanın bərpa və quruculuq sahəsində dünyada unikal təcrübəyə malik ölkə olduğunu önə çəkərək gələcəkdə bərpa və quruculuq layihələrinin reallaşdırılmasında Azərbaycanın Ukrayna ilə öz təcrübəsini bölüşə biləcəyini bildirib. Göründüyü kimi, hər bir səfər əlaqələrin daha da yaxınlaşması, yeni istiqamətlər üzrə inkişafı üçün böyük stimuldur. Ölkələr arasında qarşılıqlı səfərlərin dinamikliyi dostluq, etimad prinsiplərinin yüksək səviyyədə qorunduğunun təsdiqidir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxilini işinə müdaxiləni də yolverilməz hesab edir. Xarici siyasətimizin dəyişməz prinsipləri həm ənənəvi tərəfdaşlarla əlaqələrin yeni istiqamətlər üzrə inkişafında, həm də yeni dostların qazanılmasında əhəmiyyətli rol oynayır.







