Bakı. TurkicWorld:
Azərbaycandakı "Akıncı" Texniki Dəstək personalı İranda qəzaya düşmüş helikopterin axtarışı ilə bağlı mümkün fövqəladə vəziyyətə müdaxilə etmək üçün missiya boyu hazır vəziyyətdə olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "CNN TÜRK"ə açıqlamasında bildirib.
"Akıncı" tipli pilotsuz uçuş aparatının İranda qəzaya uğrayan helikopterin yerinin müəyyən edilməsində mühüm rol oynadığını bildirən Bayraktar, "Akıncı" PUA-larının böyük risk aldığını əlavə edib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi İran hakimiyyətinin Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğrayan helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün "Akıncı" tipli PUA və gecəgörmə qabiliyyətinə malik "Cougar" tipli helikopterin cəlb olunduğunu açıqlayıb.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.