Sahibə Qafarova Ermənistana çağırış etdi

Sahibə Qafarova Ermənistana çağırış etdi

Bakı. TurkicWorld:

Bu gün Azərbaycan azad etdiyi torpaqlarda böyük sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna qədər onların sayı 140 minə çatacaq. Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün çox böyük səylər göstərir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. 3 ildən artıq erməni siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür.

S.Qafarova bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ikitərəfli görüş olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, sülh müqaviləsi üçün danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər üzrə əldə olunan razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər.

"Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəflərin iştirakından çəkinəcək və Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında əksini tapmış iddialarından əl çəkəcək, sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirəcək. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır", - deyə o əlavə edib.