Bakı. TurkicWorld:
Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-ə bildirilib ki, Sahibə Qafarova Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin dünyada bənzəri yoxdur. Ölkələrimiz dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma olmaqla yanaşı, həm də müttəfiqdirlər. Bu baxımdan, Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üzrə yeni hədəf və istiqamətlər müəyyənləşdirib. Bu sənədin parlamentlərarası əməkdaşlığa dair bəndinin və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur.
Söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə də məlumat verib.
İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışan Hulusi Akar bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın öz suverenliyini bərpa etməsi, onun Bayrağının bütün suveren ərazisində dalğalanması Türkiyə üçün də qürurvericidir. O, torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini çatdırıb.
H.Akar qeyd edib ki, təkcə Türkiyə ilə Azərbaycan deyil, bütün Türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi vacibdir. Qonaq bu baxımdan parlament diplomatiyasının vacibliyini vurğulayıb. O, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in üzvü qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması nəinki region ölkələri, həmçinin digər dövlətlər üçün də böyük fayda gətirəcək.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.