20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirik - Türkiyə XİN

20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirik - Türkiyə XİN

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar günü ilə bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, Türkiyə XİN bu barədə öz rəsmi “X” sosial media hesabında bildirib.

"20 Yanvar 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir.

İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.