Regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır - Prezidentin köməkçisi

Regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır - Prezidentin köməkçisi

Bakı. TurkicWorld:

Azərbaycanın Naxçıvan regionu 30 ildir ki, blokadadadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Prezident İlham Əliyev bu öhdəliyə istinad edib.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.

"Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik", - qeyd edib.

Prezidentinin köməkçisi vurğulayıb ki, sənəddə sərnişinlərin və yüklərin "maneəsiz" hərəkəti ifadəsi işlənir:

"Bu, Ermənistanın imzaladığı öhdəlikdir. Bununla belə, bir məsələyə aydınlıq gətirmək lazımdır ki, biz malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq".

"Mən Rusiya-Ermənistan münasibətlərini şərh etmək istəmirəm. Vurğulamaq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. İkincisi, Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üçtərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. Amma burada mənim vəzifəm bölgədə sərhəd qoşunlarının müdafiəçisi kimi danışmaq deyil.

Bizim narahatçılığımız ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası var. Bu il İrəvanda Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistanda vəhşicəsinə döyülməsi ilə bağlı internetdə çoxlu kadrlar var.

Ancaq önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, "Pacta sunt servanda" (Razılaşmalar yerinə yetirilməlidir) .

Beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan "Sülhün kəsişməsi" layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır.