Gender bərabərliyinin və qadınların səlahiyyətlərinin artırılması gündəmin ayrılmaz hissəsinə çevrilib - Sahibə Qafarova

Gender bərabərliyinin və qadınların səlahiyyətlərinin artırılması gündəmin ayrılmaz hissəsinə çevrilib - Sahibə Qafarova

Bakı. TurkicWorld:

Qadınlar öz fərqli baxışları, səmimiyyəti, enerjisi və gücü ilə bizə ilham vermək və dünyamızı işıqlandırmaq qabiliyyətinə sahibdirlər. Təəssüf ki, bu gün dünyamız hələ də qadınların həyatına son dərəcə mənfi təsir göstərən bir-biri ilə sıx əlaqəli olan bir sıra böhranlarla üzləşir. Bütün bunlar gender bərabərliyinə nail olmaq və qadınları gücləndirmək sahəsində hələ də maneə olaraq qalmaqdadır.

TurkicWorld xəbər verir ki, bu barədə Milli Məclisin Sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova noyabrın 21-də Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Bakıda keçirilən konfransında çıxışı zamanı deyib.

Bütün çətinliklərə baxmayaraq, gender bərabərliyinin və qadınların səlahiyyətlərinin artırılmasının beynəlxalq siyasi və inkişaf gündəminin ayrılmaz hissəsinə çevrildiyini görməyin sevindirici hal olduğunu deyən Sahibə Qafarova, bunun bərabər hüquqlara və bərabər imkanlara əsaslanan daha yaxşı cəmiyyəti qurmaq üçün vacib olduğunu bildirib.

Bu konfransda qadın hüquqlarının təbliği və qadınların cəmiyyətdə və dövlət idarəçiliyində imkanlarının genişləndirilməsində mühüm nəticələr əldə etmiş bir ölkəni təmsil etməkdən fəxarət hissi duyduğunu deyən Sahibə Qafarova, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk dəfə olaraq Avropa ölkələrinin əksəriyyətindən öncə qadınlara səsvermə hüququ verdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatının sədridir. Bu sədrlik dövründə ölkəmiz hərəkat üzvləri arasında birliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək öhdəliyini dəfələrlə nümayiş etdirmişdir. Bu konfransın Azərbaycan Respublikasının Prezidenti, Hərəkatın sədri, Zati-aliləri cənab İlham Əliyevin üzv dövlətlər arasında həmrəylik, dialoq və əməkdaşlıq ruhunun daha da möhkəmləndirilməsinə yönəlmiş səylərinin daha bir sübutu olduğunu deyən parlamentin spikeri, ölkə Prezidentinin Hərəkata sədrliyi dövründə bir sıra təşəbbüslərlə çıxış etdiyini də iştirakçıların diqqətinə çatdırıb.

Çıxışının yekununda Milli Məclisin sədri, parlaq gələcəyin qurulmasında qadınların həlledici rolunu vurğulayıb, birgə səylər və fəaliyyətlərin əlaqələndirilməsi olmadan gender bərabərliyini təmin etməyin, dinc, ədalətli və inkişaf etmiş cəmiyyətin qurulmasınının getdikcə çətinləşəcəyini bildirib.

Qlobal liderlik anlayışı haqqında düşüncə tərzinin yenidən nəzərdən keçirilməsinin, qadınlara dəyişikliklərin aparıcı qüvvəsi olmaq üçün lazımi dəstəyin və imkanların göstərilməsinin, həmçinin qadınların mövcud böhranların həllində, daha parlaq gələcəyin qurulmasında yeni həmrəylik və ədalət dalğasının inkişafında birbaşa rol oynamasının vacibliyi vurğulanıb.