Bakı. TurkicWorld:
Sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib.
"Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb. Qarabağ münaqişəsi bu institut yaranandan bəri ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, ATƏT münaqişəni həll edə bilməyib. Minsk Qrupu Həmsədrlik İnstitutu ona görə uğursuz oldu ki, həmin qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalını saxlamaq və davam etdirmək idi. Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. Ona görə də indi Azərbaycanın gündəliyi sülh və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasıdır. Amma istənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir", - Hikmət Hacıyev qeyd edib.