Qaradağda şəhid Yunis Surxayev anıldı

Qaradağda şəhid Yunis Surxayev anıldı

Bakı. TurkicWorld:

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yunis Rafik oğlu Surxayevin 3-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi şəhidin dəfn olunduğu rayonun Lökbatan qəsəbəsində baş tutub.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbçi yoldaşları, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra mərasim iştirakçıları tərəfindən Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Surxayev Yunis Rafik oğlunun məzarı önünə gül dəstələri qoyulub.

Şəhid Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. 2008-ci ildə Qobustan qəsəbəsindəki 223 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-ci ilin aprel ayında hərbi xidmətə gedib.

Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində ordumuzun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlar törədiblər.

Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirib. Y.Surxayev 2020-ci il oktyabrın 13-də, Suqovuşanın azad olunması istiqamətində gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Vətən müharibəsinin şəhidi Yunis Rafik oğlu Surxayev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.