Türkiyə Qarabağ Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan təbii qaz kəməri

İğdır-Naxçıvan qaz kəməri həm indi, həm də gələcək üçün əhəmiyyətli layihədir - Musa Quliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

İğdır-Naxçıvan qaz kəməri həm indi, həm də gələcək üçün əhəmiyyətli layihədir.

Bu fikirləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması olduqca tarixi əhəmiyyətli məsələdir. Bununla ilk növbədə, Naxçıvanın qaz təminatında xüsusilə yaxşıya doğru inkişaflar olacaq. Demək olar ki, Naxçıvan Muxtar Respublikasının qazla təminatında çətinliklər aradan qalxacaq. Bundan əlavə, Naxçıvan daha etibarlı mənbədən qaz alacaq. Layihənin digər əhəmiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılandan sonra Azərbaycan qazı artıq Naxçıvandan İğdıra, Qarsa, Türkiyə bazarlarına çıxmaq imkanları əldə edəcək”, - deyə o vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərini bölgədə sülhün və əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olaraq qiymətləndirmək olar.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu, bir-birilə dost və qardaş olan iki dövlətin strateji əməkdaşlığının növbəti yüksək addımıdır. Digər tərəfdən, Azərbaycanın öz suverenliyini tam bərpa etdiyi, Qarabağdan qanunsuz erməni separatçılarının təmizləndiyi, dünyanın diqqətinin Azərbaycana, bütövlükdə Cənubi Qafqaza yönəldiyi dövrdə Rəcəb Tayyib Ərdoğanın səfəri Türkiyə dövlətinin Azərbaycana dəstəyinin göstəricisi idi”, - deyə M.Quliyev əlavə edib.

O hesab edir ki, Naxçıvanda Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərin səsləndirilməsi, Azərbaycan Ordusunun güclənməsi ilə bağlı cənab R.T.Ərdoğanın çıxışları olduqca böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, 25 sentyabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla birgə çıxış ediblər. R.T.Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər