Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Onun fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək.
Bu barədə TurkicWorld-a eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə həm Azərbaycanla Xəzər dənizində işlənə biləcək layihələr, həm də
Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əldə edilə biləcək əməkdaşlıqlarla Türkiyənin regionda strateji mövqeyinin əhəmiyyəti artacaq.
“Zəngəzur dəhlizinin Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olması və Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi regional ticarətə müsbət təsir göstərəcək. Regionda artacaq yükdaşımaların Türkiyənin Qafqaz sərhəddindəki əyalətlərinin iqtisadi cəhətdən güclənməsinə eləcə də logistika sektorunda çalışan şirkətlərin sayının artmasına müsbət təsir göstərəcəyi gözlənilir” ,– deyə nazir bildirib.
Uraloğlu onu da vurğulayıb ki, dəmiryol xəttinə paralel olaraq avtomobil yolunun da istifadəyə verilməsi mümkündür.
Bakı-Tibilisi-Qars (BTQ) dəmiryolundan danışan nazir qeyd edib ki, BTQ Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək.
“Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ dəmiryol stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan başqa, dəmiryolu xətti Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. BTQ-ya alternativ olaraq, Türkiyədəki Qars-Dilucu dəmiryolu vasitəsilə Naxçıvana gedərək Zəngəzur dəhlizinə çıxmaq mümkün olacaq”, – deyə nazir vurğulayıb.