BBC-ni erməni separatizminin təbliğinə sövq edən nədir? - Vüqar Rəhimzadə

BBC-ni erməni separatizminin təbliğinə sövq edən nədir?  - Vüqar Rəhimzadə

Bakı. TurkicWorld:

Bu ilin iyul ayında 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliklərinin, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin 60 yerli media rəhbərinin, nümayəndəsinin iştirak etdikləri Şuşa Qlobal Media Forumu işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün növbəti tribuna oldu. Dövlətimizin başçısı İlham Əliyevin "Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz. Biz utana biləcəyimiz və ya "bəli, bax, burada biz haqsızıq" deyəcəyimiz heç bir şey etməmişik. Biz hər şeyi düzgün etmişik" açıqlaması ölkəmizə qarşı qərəzli təbliğat aparan, həqiqətləri inkar etməklə Ermənistana dəstək missiyasını yerinə yetirən dövlətlərə, onları təmsil edən mətbu orqanlara tutarlı cavab oldu. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq həqiqətdən uzaq fikirlərin yer aldığı, həmçinin bu və ya digər dövlətin daxili işinə müdaxilə xarakterli materialların dərcinə, verilişlərin hazırlanmasına yol verilməməlidir. Məlum olduğu kimi, qərəzsiz, obyektiv məlumatların ictimaiyyətə təqdim edilməsi mətbuatın əsas missiyasıdır. Bu vəzifələrdən kənar cərəyan edən proseslər həmin mətbu orqanın nüfuzuna kölgə salmaya bilməz. Bu baxımdan Böyük Britaniyanın nüfuzlu media orqanı olan BBC-nin Qarabağla bağlı hazırladığı veriliş Azərbaycan ictimaiyyəti tərəfindən böyük hiddətlə qarşılanıb. Verilişdə iki erməni Qarabağdakı hadisələrlə bağlı danışır. Birtərəflilik əsasında hazırlanan veriliş qərəzin və ədalətsizliyin təqdimatıdır.

Bu fikirləri TurkicWorld-a "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

O qeyd edib ki, ümumilikdə son vaxtlar BBC telekanalı, o cümlədən bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli, həqiqətdən uzaq iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir. Bu media orqanının yayımladığı veriliş, müəllifin, ümumilikdə isə BBC-nin qərəzini, hadisələrin gərginləşməsində nə qədər maraqlı olduğunu, bu yanaşması ilə Ermənistana yaxınlığını aydın şəkildə nümayiş etdirir.

"Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan bütün etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Nə üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir? Azərbaycan əleyhinə təbliğat aparan BBC-nin əsas məqsədi ölkəmizin imicinə zərbə vurmaq, separatçı rejimə dəstək olmaqdır", - deyə V.Rəhimzadə vurğulayıb.

Vüqar Rəhimzadə bildirib ki, son illərdə atılan qarşılıqlı addımlar Böyük Britaniya ilə Azərbaycan arasında hazırkı mərhələdə strateji tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. Bir dövləti təmsil edən mətbu orqan ölkələr arasında münasibətlərə xələl gətirməli deyil, əlaqələrin daha da möhkəmlənməsinə yönələn addımlara diqqət yetirməlidir. Təbii ki, burada medianın qarşısında dayanan prinsiplər unudulmamalıdır. Bu günün əsas tələbi BBC-nin erməni separatizminin təbliğinə son qoymasıdır.

O diqqəti Azərbaycan Mətbuat Şurasının bununla bağlı bəyanatında yer alan fikirlərə də yönəldib:

"BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir. Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsl həqiqətləri arxa plana keçirir. BBC-nin bu istiqamətdə yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Sözügedən media orqanını erməni separatizminin təbliğinə sövq edən nədir? BBC bu hərəkətləri ilə bir qrup erməni daşnaklarının və anti-Azərbaycan qüvvələrin əlində alət olduğunu əməli ilə təsdiqləyir".