Bakı. TurkicWorld:
Azərbaycanın Kəşmir məsələsi ilə bağlı mövqeyini çox yüksək qiymətləndiririk.
TurkicWorld xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.
Səfir onu da bildirib ki, Azərbaycan Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyib.
“Avqust ayının 5-də Hindistan tərəfindən 2019-cu ildə Cammu və Kəşmir əyalətlərinin xüsusi muxtariyyət statusunu birtərəfli qaydada ləğv etdiyi gün kimi ehtiramla qeyd edirik. Bu günü Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirdəki (IIOJ&K) qardaşlarımızın fədakarlıqlarını və mətinliyini fəxarətlə anmaq üçün qeyd edirik”, - deyə səfir əlavə edib.
B.Hayev onu da vurğulayıb ki, 5 avqust 2019-cu ildə Cammu və Kəşmirin muxtariyyət statusunun birtərəfli qaydada ləğvindən sonra ciddi və uzunmüddətli kommunikasiya blokadasının tətbiqi regionda insan haqlarının vəziyyətini daha da gərginləşdirdi.
“Bu günü qeyd edərkən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Cammu və Kəşmir münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyirik. Beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulduğu kimi Kəşmir xalqının istəklərini nəzərə alan həll yolunun təmin edilməsində öz rolunu oynamağa çağırmaqda davam edirik. Beynəlxalq ictimaiyyəti Cammu və Kəşmir münaqişəsinin regional sülh, təhlükəsizlik və sabitlik üçün əhəmiyyətini dərk edərək, onun həlli ilə məşğul olmağa davam etməsini vurğulayırıq”, - deyə səfir bildirib.







