Dünya ictimaiyyəti Cənubi Qafqazda baş verən proseslər barədə tam məlumatlı deyil - Əziz Ələkbərli

Dünya ictimaiyyəti Cənubi Qafqazda baş verən proseslər barədə tam məlumatlı deyil - Əziz Ələkbərli

Bakı. TurkicWorld:

Pakistan bizim üçün dost-qardaş dövlətdir. Biz bunu beynəlxalq müstəvidə hər zaman hiss etmişik.

TurkicWorld xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Sədri Əziz Ələkbərli Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşü zamanı deyib.

"Bizi tarixi köklərimiz birləşdirir. 44 günlük Vətən müharibəsində Pakistan bizə qardaş dövlətlər sırasında oldu. Biz Türkiyənin, Pakistanın və digər dost dövlətlərin dəstəyini müharibə dönəmində də, ondan sonra da hər zaman hiss edirik", - deyə Əziz Ələkbərli vurğulayıb.

Onun sözlərinə görə, təəssüf ki, dünya ictimaiyyəti Cənubi Qafqazda son 200 ildə baş verən proseslər barədə heç də tam məlumata sahib deyil. Bizim İcmanın məqsədi məhz bu əskikliyi aradan qaldırmaq, dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdır.

İcma sədri, həmçinin bildirib: "Bizim istəyimiz öz ata-baba yurdlarımıza təhlükəsiz və sülh şəraitində qayıtmaqdır. Biz bununla bağlı Ermənistanın baş nazirinə də müraciət etmişik. Bizim istəyimiz odur ki, Azərbaycanda qalıb yaşayan erməni vətəndaşlarına verilən hüquq eynilə bizlərə də şamil edilsin. Təəssüf ki, bizim bu çağırışlarımıza lazımi cavab verilmir. Əksinə, Qarabağda yaşayan ermənilərin hüquqlarının olması və bu kimi digər məsələlər qabardılır".