Azərbaycanın taleyini dəyişən TARİX

Azərbaycanın taleyini dəyişən TARİX

Bakı. TurkicWorld:

Azərbaycan xalqı tarixinin müxtəlif mərhələlərində bir çox ağır sınaqlardan üzüağ çıxmağı bacarıb. Lakin xalqımızın taleyində böyük əhəmiyyət daşıyan elə tarixlər və o tarixləri yazan şəxsiyyətlər, siyasi xadimlər olub ki, o, Azərbaycanın gələcəyinə işıq tutub. Məhz həmin tarixi şəsiyyətlərdən biri Ulu öndər Heydər Əliyevdir ki, o, Azərbaycanın gələcək həyatını müəyyən edən, ölkəmiz adına mühüm başlanğıcların əsasını qoyan, müstəqilliyimizi əbədiləşdirən qərarları, addımları ilə bugünkü suveren, güclü Azərbaycanın yaradıcısı kimi adını əbədiləşdirməyi bacarıb.

Ulu öndərin adı ilə bağlı olan belə tarixlərdən önəmlisi, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.

Bu mənada 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Çünki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycanın xilas tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Ulu öndər Heydər Əliyevdir.

XX əsrin sonlarında müstəqilliyini bərpa etmək kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.

Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində indi hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Azərbaycan üçün, xalqımız üçün belə bir qırılma nöqtəsində, həyati əhəmiyyət daşıyan bir mərhələdə ölkəni ancaq güclü zəkaya, böyük siyasi təcrübəyə, qətiyyətli xarakterə malik liderdən ziyadə bir vətənpərvər şəxsiyyətə ehtiyac var idi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu həmən zamanda Heydər Əliyev amili ortaya çıxdı.

Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev şəxsiyyəti ola bilər. Xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. O gün-bu gün Azərbaycan özünün inkişaf yoluna qədəm qoydu və bu siyasət Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, məhz keçmiş iqtidarın zamanında Ermənistan tərəfindən işğal edilən ərazilər Ulu öndər Heydər Əliyev siyasi xəttinə daim sadiqliyi ilə seçilən Prezident İlham Əliyevin Ali Baş Komandanlığı nəticəsində Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad edildi, 30 illik Vətən həsrətinə son qoyuldu. Bu səbəbdən çox rahatlıqla demək olar ki, bugünkü güclü Azərbaycan Ulu öndər Heydər Əliyevin gələcək nəslə əmanətidir.

Hazırda dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın qarşısında daha böyük məqsədlər, planlar dayanır. Hər ötən gün Azərbaycan bu məqsədinə daha da yaxınlaşır. Əgər 3 il əvvələ kimi Azərbaycanın sözünü dinləyən, onun haqq səsinəs əs verən çox az dövlət var idisə, Vətən müharibəsi ilə artıq yeni geosiyasi reallıq yaradan Azərbaycanı hər yerdə böyük ehtiramal qarşılayıb, onun səsinə səs verənlərin sayı kifayət qədərdir. Bu gün dünyanın aparıcı dairələri də açıq şəkildə etiraf edir ki, Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilməklə yanaşı, qlobal sferada da siyasi çəkisini günbəgün artırır.