Azərbaycan öz vətəndaşlarının İrana səfərini qadağan edə bilər - Ceyhun Məmmədov

Azərbaycan öz vətəndaşlarının İrana səfərini qadağan edə bilər - Ceyhun Məmmədov

Bakı. TurkicWorld:

Gələcəkdə Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyi üçün onların İrana səfərlərinin qadağan edilməsi ilə bağlı məsələyə baxa bilər.

Bunu TurkicWorld-a Milli Məclisin deputatı Ceyhun Məmmədov İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması ilə bağlı şərhində deyib.

"Bu ilk hadisə deyil. İrana səfər edən Azərbaycan vətəndaşları davamlı İranda həbs edilir, incidilir. Vətəndaşlarımız nəzərə almalıdır ki, İran təhlükəli ölkədir, ora səfər etmək vətəndaşlarımız üçün ciddi problemlərə səbəb ola bilər.

Birmənalı olaraq İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır, bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir və ciddi çətinlik və problemlər yaşamağa məcbur olurlar.

Görünən odur ki, Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görünür.

Bütün bunları əsas götürülərək vətəndaşlarımıza İrana səfər etməmək tövsiyə olunur. Hazırda sərhədlərimiz bağlı olsa da, bəzi vətəndaşlarımız ora üçüncü ölkələr vasitəsilə səfər edirlər. Bu çox təhlükəli addımdır. Hər birimiz diqqətli olmalıyıq", - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, təəssüf ki, İran Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətini, Ermənistanın yanında olmasını həm 44 günlük müharibə zamanı, həm də sonrakı dövrdə davam etdirir.

"Ermənistanla sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi artdıqca, sülh yaxınlaşdıqca, İranın aqressivliyi daha da artır. Odur ki bir daha bütün vətəndaşlara İrana getməməyi tövsiyə edirik. Onu da nəzərə alaq ki, adətən belə düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərləri qadağan olunur və bununla bağlı cəza tədbirləri görülür. Məsələn, ABŞ və Yaponiya öz vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan ediblər. Gələcəkdə Azərbaycan da İranla bağlı bu məsələyə baxa bilər", - deyə deputat əlavə edib.