Ermənistan artıq kommunikasiyaların açılmasına öz razılığını verib - Ceyhun Məmmədov (Özəl)

Ermənistan artıq kommunikasiyaların açılmasına öz razılığını verib - Ceyhun Məmmədov (Özəl)

Bakı, TurkicWorld

Ermənistan onların sülhdən başqa çıxış yolunun olmadığını gözəl anlayır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O, bu görüşün çox böyük əhəmiyyəti olduğunu bildirib.

“Bilirsiniz ki, əvvəlki görüşlərdə müəyyən razılaşmalar var idi və bu razılaşmaları Ermənistan pozmuşdu. Burada biz mühüm bir məqama diqqət çəkməliyik. Ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə bu gün elə bir beynəlxalq vəziyyət yaranıb ki, Qarabağ məsələsində dövlətlər bir-birləri ilə yarışırlar və bu prosesə öz tövhələrini verməyə çalışırlar. Bu baxımdan görüşlərin keçirilməsi çox önəmlidir”,- deyə o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, əsas müzakirə Zəngəzur dəhlizinin açılması, kommunikasiyalar məsələsi olub.

“Əslində, bu məsələ çoxdandır müzakirə olunmurdu. Çünki Ermənistan prosesi pozmağa və uzatmağa çalışırdı. Artıq biz həmin mərhələni keçmişik. Görüşlərin keçirilməsində çox böyük intensivlik görürük. Bu gün Brüssel, Kişinyov və s. kimi görüşlər artıq davamlı şəkildə keçirilir. Bunlar çox önəmli və bütövlükdə prosesin sürətlənməsinə tövhə verən bir məsələdir”,- deyə Ceyhun Məmmədov bildirib.

C.Məmmədov Ermənistanın artıq kommunikasiyaların açılmasına öz razılığını verdiyini deyib.

“Prosesi uzatdığı təqdirdə isə ona qarşı təyziqlər daha da artır. Həm Qərb, həm də Rusiya Ermənistana daha çox təyziq edərək onlardan ən qısa müddətdə bu prosesə öz tövhəsini verməsini tələb edir. Düşünürəm ki, keçirilən görüşlərdə müəyyən məsələlərlə bağlı razılıqlar olacaq. Konkret qərarlar qəbul edilərək, ümumi nəticələr əldə ediləcək”,- deyə millət vəkili vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova