Çin prezidenti Putinin dəvəti ilə Moskvaya səfər edəcək

Çin prezidenti Putinin dəvəti ilə Moskvaya səfər edəcək

Bakı. TurkicWorld:

Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə mart ayının 20-22 tarixlərində Moskvaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, iki lider Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin gələcəyi ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Tərəflərin beynəlxalq arenada Rusiya-Çin əməkdaşlığının yaxşılaşdırılması yolları barədə də fikir mübadiləsi aparacağı gözlənilir

Məlumata görə, Çin liderinin səfəri zamanı bir sıra mühüm ikitərəfli sənədlərin imzalanacağıda gözlənilir.

Xatırladaq ki, Putin və Si Cinpin sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı görüşüblər.

Keçən ilin dekabr ayda isə Putin Si Cinpin ilə videokonfrans keçirərək onu 2023-cü ilin yaz aylarında Moskvaya dəvət edib.

Martın əvvəlində Si Cinpin üçüncü beş illik müddətə yenidən Çinin prezidenti seçilib.

2022-ci ilin oktyabrında keçirilən Çin Kommunist Partiyasının 20-ci Milli Qurultayından sonra Si Cinpin üçüncü dəfə partiyanın Mərkəzi Komitəsinin baş katibi seçilib.

Bu ziyarət, onun yenidən seçildikdən sonra Rusiyaya ilk səfəri olacaq.