Son dəqiqə

etiraz aksiyası Keniya

Keniyada etiraz aksiyaları: ölənlər var

BAKI, TurkicWorld

Keniyada keçirilən etiraz aksiyaları nəticəsində azı 8 nəfər həlak olub, 400-dən çox insan isə xəsarət alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Keniya Hüquqşünaslar Cəmiyyəti, Polis İslahatları üzrə İşçi Qrupu və Keniya Tibb Assosiasiyasının yaydığı birgə bəyanatda bildirilib.

Təşkilatlar həlak olanların ailələrinə başsağlığı verərək qeyd ediblər ki, nümayişlər ölkənin 47 dairəsindən 23-nü əhatə edib.

“Ən azı 400 nəfərə tibbi yardım göstərilib, onlardan 83 nəfər reanimasiyaya yönləndirilib. Ən azı səkkiz etirazçı odlu silah yarası alıb. Yaralananlar arasında üç polis əməkdaşı da var” - deyə, bəyanatda qeyd olunub. Bəyanatda həmçinin bildirilib ki, məlumatların tam olmadığına görə, rəqəmlər arta bilər.

Hüquqşünaslar, polislər və tibb işçiləri nümayişçiləri ehtiyatlı olmağa, hüquq-mühafizə orqanlarını isə təmkinli davranmağa çağırıblar. Onlar bəyan ediblər: “Hər bir keniya vətəndaşının həyatı dəyərlidir və qorunmalıdır.”

Qeyd edək ki, 25 iyun tarixində keçirilən etirazlar, ötən ilin iyununda vergi artımına qarşı başlanan və Prezident Uilyam Rutonun istefasını tələb edən aksiyaların ildönümünə təsadüf edib. Ən ciddi qarşıdurmalar keçən il iyunun 25-də qeydə alınıb. Həmin gün etirazçılar parlament və Nayrobi şəhər şurasının binalarını yandırmışdılar.

Keniya Milli İnsan Haqları Komissiyasının məlumatına görə, o zaman iki həftə ərzində 39 nəfər ölmüş, 350-dən çox insan xəsarət almışdı. Sonradan Prezident Ruto vətəndaşların narazılığına səbəb olan qanun layihəsini geri çəkmiş, lakin bunun nəticəsində hökumətin xarici bazarlardan təxminən 1 trilyon Keniya şillinqi (təxminən 7,7 milyard ABŞ dolları) borc almağa məcbur olacağını bildirmişdi.

Mövzuya görə xəbərlər