Son dəqiqə

Səudiyyə Ərəbistanı etiraz aksiyası FİFA Los-Anceles İran milli komandası Belçika milli komandası Aramko idman sponsorluğu

İqlim fəalları FİFA-nın Səudiyyə neft şirkəti ilə əməkdaşlığına qarşı etiraz aksiyası keçirəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İqlim fəalları FİFA-nın Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Aramko" ilə sponsorluq əməkdaşlığına qarşı etiraz aksiyalarına hazırlaşırlar.

TurkicWorld xəbər verir ki, etirazçıların əsas tələbi FİFA-nın "Aramko" ilə sponsorluq müqaviləsinə son verməsidir.

Fəallar hesab edirlər ki, böyük idman tədbirlərində neft şirkətlərinin reklamlarının geniş şəkildə nümayiş etdirilməsi ictimai rəyin formalaşdırılmasına təsir göstərir və bu, "idman vasitəsilə imic yaxşılaşdırılması" siyasətinin bir hissəsidir.

Əsas etiraz aksiyasının Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində yerləşən "SoFi" stadionu qarşısında Belçika və İran milli komandaları arasında keçiriləcək oyun ərəfəsində baş tutacağı gözlənilir.

Aksiya Los-Ancelesdə fəaliyyət göstərən "Dodcer azarkeşləri qalıq yanacaqlara qarşı" təşəbbüsünün davamı kimi qiymətləndirilir. Kampaniya indiyədək təxminən 30 min imza toplayaraq beysbol klubunun rəhbərliyindən neft şirkəti ilə əməkdaşlığa son qoymağı tələb edib.

FİFA 2024-cü ildə "Aramko"nu qlobal tərəfdaş elan edib. Müqaviləyə əsasən şirkət 2026-cı il kişilər arasında dünya çempionatı və 2027-ci il qadınlar arasında dünya çempionatı da daxil olmaqla bir sıra beynəlxalq turnirlərdə sponsorluq hüququ əldə edib.

Bu əməkdaşlıq iqlim və insan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatların etirazına səbəb olub. Daha sonra yüzdən çox peşəkar qadın futbolçu da FİFA-ya müraciət edərək müqavilənin ləğv olunmasını istəyib.

Etiraz aksiyalarının Los-Anceleslə yanaşı Mayami, Nyu-Cersi, Sietl və Dallas şəhərlərində də keçirilməsi planlaşdırılır.

Mövzuya görə xəbərlər