BAKI, TurkicWorld
ABŞ Dövlət katibi Marko Rubio verdiyi açıqlamada, Birləşmiş Ştatların Çin Xalq Respublikasından olan tələbələrin vizalarını ləğv etməyə başlayacağını bəyan edib.
TurkicWorld xəbər verir k, bu addım Çin Kommunist Partiyası ilə əlaqəsi olan tələbələri və ABŞ-da strateji sahələrdə təhsil alanları da əhatə edəcək.
Əgər qərar Çindən gələn yüz minlərlə tələbənin geniş hissəsinə tətbiq olunarsa, bu, ABŞ universitetləri üçün ciddi maliyyə itkiləri və texnologiya sektorunda istedad axınının kəsilməsi ilə nəticələnə bilər.
Rubio bildirib ki, Dövlət Departamenti Çin və Honq Konqdan gələn bütün yeni viza müraciətlərini daha ciddi nəzarətə alacaq və Daxili Təhlükəsizlik Departamenti ilə birgə əməkdaşlıq çərçivəsində viza ləğvlərini həyata keçirəcək.
Çin səfirliyi hələlik bu açıqlamaya reaksiya verməyib. Lakin daha əvvəl Çin Xarici İşlər Nazirliyi xaricdə təhsil alan Çinli tələbələrin hüquqlarını qoruyacaqlarını bildirib.
Prezident Donald Trampın administrasiyası sərt immiqrasiya siyasəti çərçivəsində tələbə vizalarının ləğvi və deportasiyaları artırmağa çalışır. Bu qərar, ABŞ və Çin arasında davam edən ticarət müharibəsinin və geosiyasi rəqabətin bir hissəsi kimi qiymətləndirilir.
Bununla yanaşı, Dövlət Departamenti ötən həftə Harvard Universitetinin xarici tələbələri qəbul etmək səlahiyyətini dayandırmış, səbəb kimi isə Çinlə əlaqələri göstərib. Lakin bu qərar ABŞ məhkəməsi tərəfindən müvəqqəti olaraq bloklanıb.
2023-cü ildə Hindistan və Çin tələbələri beynəlxalq tələbələrin 54 faizini təşkil edərək ABŞ iqtisadiyyatına 50 milyard dollardan çox töhfə verib.
Rubio açıqlamasında viza ləğvlərinin hansı ölçüdə həyata keçiriləcəyinə dair təfərrüat verməyib. Lakin hətta az sayda viza ləğvi belə, 1970-ci illərdən bəri ABŞ-a axın edən Çinli tələbələr üçün ciddi əngəl yarada bilər.