Bakı, TurkicWorld
ABŞ Çinlə müharibə aparmaq istəmir, lakin belə bir münaqişə baş verəcəyi halda, ABŞ Silahlı Qüvvələri buna hazırdır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamada yer alıb.
Tramp həmçinin qeyd edib ki, Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır.
“Kanadanın ştat olmalı olduğunu deyəndə, bunu tam ciddiliklə deyirəm. Kanada, ABŞ üçün əla bir ştat olardı”, – deyə o vurğulayıb.
Trampın sözlərinə görə, ABŞ artıq Kanada üçün təhlükəsizlik təminatını öz üzərinə götürə bilməz, çünki onun iddiasına əsasən, Kanada ordusuna kifayət qədər vəsait xərcləmir.
O, həmçinin bildirib ki, Kanada ABŞ-ın ştatına çevrildiyi təqdirdə, ölkə sakinləri üçün vergilər təxminən iki dəfə azalacaq.
Qeyd edək ki, bundan əvvəl Tramp dəfələrlə qeyd edib ki, bir çox kanadalı ölkələrinin ABŞ-ın 51-ci ştatına çevrilməsini istəyir. Onun fikrincə, belə bir birləşmə Kanadaya iqtisadi sabitlik qazandıracaq və onu xarici təhlükələrdən – xüsusilə Rusiya və Çin kimi ölkələrdən qoruyacaq.
Kanadanın yeni baş naziri Mark Karni isə Trampın bu bəyanatlarına cavab olaraq bildirib ki, Kanada heç vaxt ABŞ-ın ştatı olmayacaq.
Ağ Ev daha əvvəl Kanada ilə bağlı bəyanatında bu ölkənin artıq müttəfiqdən çox ABŞ üçün rəqibə çevrildiyini qeyd etmişdi.