Son dəqiqə

İran ABŞ Donald Tramp Husilər

Trampdan İrana çağırış: Husilərə dəstəyi dayandırın

Bakı, AzerVoice

Tramp, İrandan Yəməndəki husilərə verdiyi dəstəyi dərhal dayandırmasını tələb edib.

AzerVoice xəbər verir ki, bu barədə Trampın Truth Social platformasında verdiyi açıqlamada deyilir.

"İranın husilərə göndərdiyi hərbi yardım azalıb. Lakin İranın hələ də böyük miqdarda silah və ləvazimat göndərməyə davam etdiyi barədə xəbərlər var. İran bu yardımları dərhal dayandırmalıdır”, – deyə açıqlamada bildirib.

Tramp, husilərin İranın dəstəyi olmadan təkbaşına mübarizə aparmalı olduğunu vurğulayıb.

“Hər halda müharibəni uduzacaqlar, amma bu şəkildə daha tez məğlub olacaqlar. Tamamilə məhv ediləcəklər”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Tramp, husilərin hücumlarının arxasında İranın dayandığını bildirmişdi.

"Heç kimə özünüzü aldatmağa imkan verməyin! Yəmən xalqının nifrət etdiyi, Yəməndə məskunlaşmış husilər tərəfindən törədilən yüzlərlə hücumun arxasında İran dayanır və bu hücumlar məhz onun tərəfindən təşkil olunub. Husilərin hər hansı bir hücumu və ya cavab tədbirləri böyük qüvvə ilə qarşılanacaq", – deyə Tramp qeyd edib.

Həmçinin xatırladaq ki, martın 15-i Tramp, Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etmişdi.

Buna cavab olaraq husilərin lideri Əbdülmalik əl-Husi, ABŞ-ın hərbi təyyarə və döyüş gəmilərinin husilərin hədəfinə çevriləcəyini bildirmişdi. O, Vaşinqtonun hücumlarını davam etdirdiyi təqdirdə dəniz nəqliyyatına qoyulan məhdudiyyətlərin ABŞ-ı da əhatə edəcəyini qeyd etmişdi.

Qeyd edək ki, ABŞ və Böyük Britaniyanın, Yəmənin paytaxtı Səna olmaqla bir neçə şəhərə təşkil etdiyi hava hücumlarında 53 nəfər ölüb, 98 nəfər isə yaralanıb.

Mövzuya görə xəbərlər