BAKI, TurkicWorld
İran ABŞ-ın hər hansı hücumuna qarşı sərt və sarsıdıcı cavab verəcəyini bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Salami açıqlama verib.
Salami bildirib ki, İrana qarşı istənilən təhdid və ya hücum sərt, qətiyyətli və sarsıdıcı cavabla qarşılanacaq.
“Mən bütün düşmənlərə xəbərdarlıq edirəm ki, İrana qarşı həyata keçirilən hər hansı təhlükə qətiyyətli və dağıdıcı reaksiyaya səbəb olacaq”, – deyə SEPAH komandanı vurğulayıb.
Bu açıqlama ABŞ-ın Yəməndəki vəziyyətlə bağlı İranı günahlandırması və İrana qarşı təhdidlərini artırmasından sonra gəlib.
15 mart tarixində ABŞ Prezidenti Donald Tramp, husilərə qarşı hərbi əməliyyatlara başlamaq üçün ABŞ Silahlı Qüvvələrinə göstəriş verib. Vaşinqton iddia edir ki, husilər Tehranın hərbi və maliyyə dəstəyini alırlar.
17 mart tarixində isə ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Uoltz bəyan edib ki, Vaşinqton İranın Yəməndəki obyektlərinə zərbələr endirə bilər.
Bölgədə gərginliyin artması fonunda İran rəhbərliyi ABŞ-ı sərt xəbərdarlıq edərək, Tehrana qarşı istənilən hərbi addımın ağır nəticələri olacağını bildirib. Hazırkı vəziyyət Yaxın Şərqdə yeni hərbi eskalasiyanın baş verə biləcəyi ilə bağlı narahatlıqları artırıb.