BAKI,TurkicWorld
Bu gün Avropa İttifaqı (Aİ), Suriya mövzusunda doqquzuncu beynəlxalq dəstək konfransına ev sahibliyi edir.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu tədbir Suriya Prezidenti Bəşşar Əsəd rejiminin devrilməsindən sonra keçirilən ilk beynəlxalq konfransdır.
Suriya ilk dəfə olaraq rəsmi şəkildə beynəlxalq səviyyədə təmsil ediləcək.
Konfransa "Suriyanın yanında dayanmaq: Uğurlu keçid üçün ehtiyacların qarşılanması" mövzusu ilə ev sahibliyi ediləcək. Türkiyəni Xarici İşlər nazirinin müavini, səfir Nuh Yılmaz təmsil edəcək, Suriyanı isə Xarici İşlər naziri Əsəd Həsən Şeybani təmsil edəcək.
Suriya Xarici İşlər naziri Şeybaninin konfransa qatılması, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, Komissiya üzvləri Dubravka Suica və Hadja Lahbib tərəfindən qarşılanması, Suriyadakı yeni hökumətin beynəlxalq legitimliyinin tanınması yolunda mühüm bir addım hesab edilir.
Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ və region ölkələrinin də iştirak edəcəyi bu konfransın əsas məqsədi Suriyada əhatəli bir keçid prosesinin maliyyə dəstəyi ilə təmin edilməsidir.
Qeyd edək ki, keçən il keçirilən konfransda 7,5 milyard avro yardım toplanmışdı. Aİ və üzv ölkələri, 2011-ci ildən bəri həm Suriyanın daxilində, həm də regionda yaşayan suriyalılara dəstək məqsədilə 37 milyard avrodan çox maliyyə yardımı ayırıb.