ABŞ Rusiya Ukrayna Vladimir Putin Volodimir Zelenski Donald Tramp

Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi sülh danışıqlarından uzaqlaşdırıldı

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq, Moskvanın tələbi ilə müharibənin dayandırılması məqsədilə aparılan danışıqlardan kənarlaşdırılıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, general-leytenant Kit Kelloq Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna nümayəndələri ilə keçirilən iki görüşdə iştirak etməyib.

Halbuki, bu danışıqlar onun vəzifə səlahiyyətlərinə daxil idi.

Rusiya tərəfi Kelloqun Ukrayna yönümlü siyasətçi olduğunu hesab edir.

"Kelloq ABŞ-ın keçmiş generalıdır və Ukraynaya çox yaxındır. O, bizim adamımız deyil, axtardığımız səviyyədə bir şəxs deyil," – adının açıqlanmasını istəməyən bir Rusiya rəsmisi bildirib.

Tramp administrasiyasından bir başqa rəsmi şəxs də təsdiqləyib ki, Rusiya Kelloqun sülh prosesinə cəlb olunmasını istəmirdi.

Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hyuitt isə bildirib ki, Kelloq xüsusilə Avropadakı müttəfiqlərlə aparılan danışıqlarda dəyərli komanda üzvü olaraq qalır.

Cümə axşamı Tramp xüsusi elçi Stiv Vitkofu yenidən Rusiyaya göndərib. Bundan sonra Rusiya Prezidenti Vladimir Putin döyüş əməliyyatlarının dayandırılması ilə bağlı təkliflərlə razı olduğunu, lakin bunun müəyyən bir şərtlə mümkün olduğunu bəyan edib.

Mövzuya görə xəbərlər