Son dəqiqə

Fələstin İsrail Misir Donald Tramp Qəzza zolağı HƏMAS Benyamin Netanyahu Yaxın Şərq Rəfah

İsrail Qəzzaya mobil evlərin çatdırılmasını istəmir

Bakı, TurkicWorld

İsrail baş naziri Benyamin Netanyahu Qəzzaya mobil evlərin və dağıntıları təmizləmək üçün avadanlıqların gətirilməsindən imtina edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

"Baş nazirin rəhbərliyi ilə keçirilən təhlükəsizlik məsləhətləşmələrindən sonra mobil evlər məsələsinin gələn günlərdə müzakirə olunmasına qərar verildi. İsrail ABŞ ilə tam koordinasiyada fəaliyyət göstərir”,- deyə məlumatda qeyd olunub.

Netanyahu avadanlıqların bölgəyə girişinə icazə verməkdən imtina edir, halbuki hazırkı atəşkəsin birinci mərhələsini uzatmaq istəyir. "Times of Israel" qəzetinə görə, bu uzadılma daha çox girovun azad edilməsi üçün birinci mərhələnin davamını təmin edəcək.

Hesabatlara görə, atəşkəs sazişi Qəzzaya ən azı 60 min müvəqqəti ev tikmək üçün avadanlıqların gətirilməsini açıq şəkildə nəzərdə tutur. Ötən həftə yayımlanan görüntülərdə Rəfah sərhəd qapısının Misir tərəfində mobil evlər, ağır texnika və buldozerlərin gözlədiyi əks olunub.

Xatırladaq ki, dünən İsrail 369 fələstinli məhbusu azad edib, bundan öncə isə HƏMAS və İslami Cihad hərəkatları Qəzzadakı 3 girovu buraxmışdı.

Netanyahu İsrail danışıqlar heyətinə ABŞ-ın dəstəyi ilə Qətər və Misir vasitəçiləri ilə danışaraq onları inandırmağı tapşırıb ki, HƏMAS-ın da birinci mərhələnin uzadılmasında marağı var, çünki bu, atəşkəsin daha uzun müddət davam etməsinə zəmanət verəcək.

Qeyd edək ki, fevral ayında ərəb ölkələrinin sammiti keçiriləcək və burada ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planına cavab müzakirə olunacaq. Sammitdə qəzzalıların Qəzzadan çıxarılmaması və məcburi köçkünlüyün rədd edilməsi məsələləri ön planda olacaq.

Tramp son iki həftədə təəccüb doğuran bir təklif irəli sürərək ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini, dağıdılmış əraziləri yenidən quraraq onları "Yaxın Şərqin Rivierasına" çevirəcəyini bildirmişdi. O, fələstinlilərin başqa yerə köçürülməsini təklif etsə də, onların geri qayıtması üçün heç bir plan təqdim etməyib. Bu təklif həm regional, həm də beynəlxalq səviyyədə geniş etirazlarla qarşılanıb və ərəb ölkələrinin ortaq mövqe sərgiləməsinə səbəb olub.

Son günlər ərzində nüfuzlu ərəb dövlətləri diplomatik səylərini gücləndirərək Trampın təklifinin və fələstinlilərin torpaqlarından çıxarılmasının rədd edildiyini vurğulayıblar. Misir də sonradan bəyan edib ki, fələstinlilərin öz torpaqlarında qalmasını təmin edən "hərtərəfli bərpa planı" təqdim edəcək.

Mövzuya görə xəbərlər