Bakı, TurkicWorld
Braziliya Elbit Systems-dən sifariş etdiyi 36 ədəd ATMOS-2000 haubitsasının tədarükünü ləğv edib.
TurkicWorld xəbər verir ki, bu barədə Braziliya Müdafiə Nazirliyi açıqlama verib.
2024-cü ilin may ayında Braziliya Ordusu ilə İsraildə yerləşən müdafiə şirkəti Elbit Systems arasında cəmi 36 ədəd ATMOS-2000 özüyeriyən haubitsaların tədarükü üçün razılaşma əldə edilib.
Razılaşmadan sonra Braziliya Müdafiə Nazirliyi tender prosesindəki dəyişikliklərə hüquqi baxış keçirmək üçün müqavilənin imzalanmasını 60 gün təxirə salmaq qərarına gəlib və satınalmaları dayandıracağını açıqlayıb.
Bu nöqtədə Braziliya ilə Elbit Systems arasında heç bir müqavilə imzalanmayıb və Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın ATMOS-2000 haubitsasının alınmasına qarşı çıxacağı iddia edilib.
Razılaşmadan əvvəl Braziliya ilə İsrail arasında mürəkkəb diplomatik əlaqələrin bu transferə mane olmayacağı bildirilsə də, tədarükün ləğvi gündəmdədir.
Məlumat üçün qeyd edək ki, Braziliya ordusu İsraildən ATMOS-2000 özüyeriyən haubitsa almadan əvvəl tender çərçivəsində Fransanın SEZAR, Çexiyadan Zuzana və Çindən SH15 haubitsa sistemlərinin alınması üçün danışıqlar aparıb.
İsrail-Fələstin münaqişəsi ilə bağlı siyasi və diplomatik fikir ayrılıqları olan Braziliya ilə İsrail arasında münasibətlər son zamanlar pisləşib.
Bu yaxınlarda Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzaya hücumlarını tənqid edib və İsrail Ordusunu pisləyib.
2023-cü ildə Braziliyanın Qəzzada şiddətlənən münaqişəyə cavab olaraq İsraildəki səfirini geri çağırması ilə gərginlik artıb. İsrail bu addımı böyük diplomatik cinayət kimi şərh edib.
Hafiz Rufizoğlu