Son dəqiqə

NATO

NATO-nun 75 illik sammitində Ukrayna əsas müzakirə mövzusu olacaq

Bakı, TurkicWorld

9-11 iyul tarixlərində Vaşinqtonda Ukrayna mərkəzli NATO Sammiti keçiriləcək.

TurkicWorld xəbər verir ki, sammit NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə baş tutacaq.

Üzvlər sammitdə dövlət və hökumət başçıları səviyyəsində iştirak edəcəklər.

Rusiya-Ukrayna müharibəsinin əsas gündəm mövzusu olacağı sammitdə ittifaqın kollektiv müdafiə və çəkindirmə gücünün gücləndirilməsi və xüsusilə Çinə qarşı ortaqlıqları diqqət mərkəzində olacaq.

Bu çərçivədə sammitə 32 üzvlə yanaşı, Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də qatılacaq.

2022-ci ildən bəri NATO üzvləri Ukraynanı dəstəkləmək üçün hər il təxminən 40 milyard avro yardım edir. Zirvə çərçivəsində üzvlərin Ukraynaya illik 40 milyard avro ayrılması və daha sonra dəstəyin davam etdirilməsi ilə bağlı razılığa gəlməsi gözlənilir.

Qeyd edək ki, bəzi əlavə üzvlərin Ukraynaya dəstək çərçivəsində sammitdə Kiyevlə ikitərəfli hərbi müqavilələr imzalaya biləcəyi düşünülür.

İran, Çin və Şimali Koreyanın Rusiyanı dəstəklədiyini bildirən Stoltenberq “avtoritar aktyorlara” qarşı “dostlarla” daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Bu kontekstdə sammitdə Asiya-Sakit okean regionunda NATO tərəfdaşları ilə əlaqələrin genişləndirilməsi gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər