Son dəqiqə

İsrail Livan Kipr HƏMAS

Nəsrullah İsrail üçün bazaların açılması mövzusunda Kiprə xəbərdarlıq edib

Bakı. TurkicWorld :

Hizbullah lideri Seyid Həsən Nəsrullah Kipr adasını Hizbullahla İsrail arasında total müharibə vəziyyətində hava limanlarını və bazalarını İsrailə açmaması ilə bağlı hədələyib.

TurkicWorld xəbər verir ki, bu barədə Nəsrullah öldürülən Hizbullah komandiri Taleb Abdallahın xatirəsini anmaq üçün televiziyada etdiyi çıxışı zamanı danışıb. “Livanı hədəf almaq üçün düşmən olan İsrailə Kipr öz hava limanlarını və bazalarını açarsa o zaman Kipr hökuməti də müharibənin bir hissəsi olacaq və müqavimət onunla da savaşacaqdır” – deyə o bildirib.

Qeyd edək ki, Kipr həm İsrail, həm də Livanla yaxşı münasibətlərə sahibdir və hər iki ölkənin sahillərinə yaxın yerləşir.

Nəsrullah, həmçinin İsrailin Livana hücum üçün əməliyyat planlarının təsdiqləndiyini elan etməsindən sonra, hərtərəfli müharibə olacağı təqdirdə, İsraildə “heç bir yerin” qrupun silahlarından xilas olmayacağı barədə xəbərdarlıq edib.

“Düşmən yaxşı bilir ki, biz özümüzü ən pis vəziyyətə hazırlamışıq… və heç bir yer… bizim raketlərimizdən xilas olmayacaq”, – Nəsrullah bildirib.

Nəsrullah həmçinin “Bizi Livanla müharibə mövzusunda hədələmək qorxutmur, biz özümüzü ən çətin günlərə hazırlamışıq və düşmən onu nəyin gözlədiyini yaxşı bilir”, – deyə əlavə edib.

İsrailin Suriyadakı zərbələrinin Hizbullahın İrandan silah gətirməsinə mane ola bilmədiyinə diqqət çəkən Nəsrullah çoxlu sayda yeni silahlarının və pilotsuz təyyarələrinin olduğunu və Livanda bəzi növ raketlər istehsal etdiklərini də qeyd edib.

Onu da qeyd edək ki, Nəsrullah İsrailin şimalının və onun strateji Hayfa bölgəsinin Hizbullah pilotsuz təyyarələri tərəfindən çərşənbə günü çəkilmiş kadrlarını da şərh edib.

Mövzuya görə xəbərlər