İspaniya Fələstin dövlətini tanıyacaq – Pedro Sançes

İspaniya Fələstin dövlətini tanıyacaq – Pedro Sançes

Bakı. TurkicWorld:

İspaniya Fələstin dövlətini tanıyacaq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İspaniya baş naziri Pedro Sançes deyib.

Sançes aprel-iyun ayları arasında İsrail ilə Həmas arasında baş verən qarşıdurmalarla bağlı beynəlxalq ictimaiyyətdə mühüm irəliləyişlərin olacağına inandığını bildirib.

O qeyd edib ki, yaxın həftələrdə Fələstinin BMT-də tamhüquqlu üzv kimi tanınmasına yönəlmiş müzakirələrə diqqət yetirilməlidir.

Sançes Fələstin dövlətinin tanınması ilə bağlı İrlandiya, Malta və Sloveniya baş nazirləri ilə qəbul edilən ortaq qərarın lazımi şərtlər yerinə yetirildiyi təqdirdə yaydan əvvəl həyata keçiriləcəyini açıqlayıb.

O, ölkəsinin Fələstin dövlətinin tanınması ilə bağlı qərarını əvvəlcə Nazirlər Şurasında qəbul edəcəyini, daha sonra isə parlamentə təqdim edəcəyini bildirib.

Sançes vurğulayıb ki, İsrail və HƏMAS arasındakı açıq müharibədə bölgədə sülh və təhlükəsizliyi təmin etməyin yeganə yolu Fələstini tanımaqdır.

Hafiz Rufizoğlu