Son dəqiqə

Azərbaycan BMT Ermənistan Ceyhun Bayramov ATƏT Monteneqro Ervin İbrahimoviç

Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Monteneqro Baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş keçirilib.

Bu barədə TurkicWorld-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Monteneqro Prezidenti Yakov Milatoviçin səfərinin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi, biznesdən-biznesə təmasların gücləndirilməsi və birgə layihələrin irəli aparılmasının vacibliyi qeyd edilib. Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səmərəli istifadəsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Humanitar əməkdaşlığın, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrinin ikitərəfli münasibətlərin ayrılmaz hissəsi olduğu bildirilib. Hər iki tərəf bu istiqamətlər üzrə mübadilələrin genişləndirilməsini məmnunluqla qarşılayıb.

Nazirlər həmçinin BMT, ATƏT və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığı müzakirə edərək qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davam etdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Görüşdə regional məsələlərə də toxunulub. Bundan əlavə, nazir Ceyhun Bayramov həmkarını Azərbaycan və Ermənistan arasında normallaşma və dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə məlumatlandırıb.

Mövzuya görə xəbərlər