BAKI,TurkicWorld
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib və ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Trend.az-ın araşdırmasına görə, yeni səfir diplomat olmaqla yanaşı, ölkəsində kifayət qədər populyar şair və yazıçıdır.
Abhay Kumar Hindistanda diplomatik fəaliyyəti ilə yanaşı, ədəbi yaradıcılığı ilə də tanınır. O, şeirlərini Abhay K. imzası ilə dərc etdirir və bir sıra şeir kitablarının müəllifidir.
Abhay Kumar 1970-ci ildə Hindistanın Bihar ştatında, Nalanda bölgəsində anadan olub. Diplomat Dehli Universitetində və Cavahirləl Nehru Universitetində təhsil alıb. 2003-cü ildən diplomatic fəaliyyətə başlayıb. 2019–2022-ci illərdə Hindistanın Madaqaskardakı səfiri olub, eyni zamanda Qəmər adalarında ölkəsini təmsil edib. Bundan əvvəl Braziliyada diplomatik missiya rəhbərinin müavini, Nepalın paytaxtı Katmanduda isə Hindistan səfirliyinin mətbuat katibi vəzifələrində çalışıb.
Diplomat olmaqla yanaşı, o, ədəbi yaradıcılığı ilə də beynəlxalq səviyyədə diqqət çəkir. Belə ki, o 13 şeir kitabının müəllifidir. Diplomatın "Nalanda: How It Changed the World" ("Nalanda: dünyanı necə dəyişdi") adlı kitabı 2025-ci ildə Hindistanda bestseller olub. O, həmçinin Hindistan poeziyasına dair antologiyaların tərtibçisi və müxtəlif əsərlərin tərcüməçisidir.
Abhay Kumarın müəllifi olduğu "Earth Anthem" ("Yer himni") əsəri 160-dan çox dilə tərcümə edilib. 2018-ci ildə onun şeirləri ABŞ Konqres Kitabxanasında səsləndirilmək üçün qeydə alınıb.
Diplomat 2013-cü ildə Cənubi Asiya poeziyasına töhfəsinə görə SAARC Ədəbiyyat Mükafatına layiq görülüb. 2020–2021-ci illərdə Kalinga Ədəbiyyat Festivalının ilin ən yaxşı poeziya kitabı mükafatını qazanıb. 2026-cı ildə isə "Şri Hanuman Çalisa" əsərinin ingilis dilinə poetik tərcüməsinə görə Sarojini Naidu Poeziya Mükafatını alıb.






