Son dəqiqə

Dövlət Statistika Komitəsi

Azərbaycanda yanvar-sentyabr ayları ərzində 20 milyon tona yaxın xam neft hasil olunub

BAKI,TurkicWorld

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla, 19,860 milyon ton xam neft hasil edilib.

Bu haqda Azərbaycanın Dövlət Statistika Komitəsinin saytında dərc olunan hesabatda deyilir.

TurkicWorld-un qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 816 min ton və ya 3,9 faiz azdır.

Hesabat dövründə əmtəəlik xam neftin ümumi hasilatdakı payı 19,810 milyon ton təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 819 min ton və ya 4 faiz azdır.

Qurumun məlumatına görə, dağ-mədən sənayesinin məhsullarının ümumi dəyəri 31,1 milyard manat təşkil edib. Bununla yanaşı, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahədə sənaye istehsalının real ifadədə həcmi 1,6 faiz azalıb.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft bazarının vəziyyətinə dair aylıq hesabatına əsasən, Azərbaycanda gündəlik xam neft hasilatı 2026-cı ilin sentyabrında avqustdakı 442 min barellə müqayisədə 448 min barel təşkil edib.

Beləliklə, ölkədə gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə 1,36 faiz artıb.

Sentyabrda hasilatın artması iyulda gündəlik 455 min bareldən avqustda 442 min barelə enməsindən sonra qeydə alınıb. Azalma 2,9 faiz təşkil edib.

OPEC-in qiymətləndirməsinə görə, 2026-cı ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel, ikinci rübdə 456 min barel, üçüncü rübdə isə 449 min barel təşkil edib.

Mövzuya görə xəbərlər