Son dəqiqə

Ceyhun Bayramov

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycanın 2024–2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi dövründə təşkilatın institusional inkişafı, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və praktiki nəticələrin artırılması istiqamətində görülən işlər müzakirə olunub.

Bu barədə oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşünə dair mətbuat məlumatında bildirilib.

Görüşdə oktyabrın 15-də Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, təşkilatın qarşıdakı dövr üçün prioritetləri və institusional inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

VII Sammitin Azərbaycanın sədrliyi altında uğurla keçirilməsinin Asiyada dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Sammitin nəticələrinin AQEM-in fəaliyyətinin gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların təşviqinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər sammitin yekun sənədləri üzrə əldə edilmiş razılaşmaların təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və praktiki nəticəyönümlülüyünün artırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Görüşdə Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində təcrübəsi və beynəlxalq təşkilatlarda uğurlu sədrliyi də vurğulanıb. Qeyd olunub ki, ölkənin AQEM-ə sədrliyi təşkilatın beynəlxalq rolunun və nüfuzunun artırılmasına, üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə və etimad quruculuğu tədbirlərinin təşviqinə yönəlib.

Azərbaycanın sədrliyi dövründə AQEM-in institusional inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və üzv dövlətlər üçün praktiki faydasının genişləndirilməsi istiqamətində görülən işlərə toxunulub. Təhsil, qadınların imkanlarının genişləndirilməsi, gənclər, media və nəqliyyat bağlantıları sahələrində əməkdaşlığın inkişafı, eləcə də bu istiqamətlər üzrə yaradılmış platformaların əhəmiyyəti xüsusi qeyd edilib.

Bildirilib ki, həyata keçirilən təşəbbüslər üzv dövlətlər arasında təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və konkret əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.

Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Baş katib vəzifəsində çalışdığı son altı il ərzində göstərilən dəstəyə görə də ölkəmizə təşəkkür edib.

Baş katib Azərbaycanın sədrliyinin AQEM-in inkişafı, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, qarşıdakı dövrdə təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ceyhun Bayramov isə Kayrat Sarıbaya fəaliyyəti dövründə gördüyü işlərə görə təşəkkür edib və ona gələcək peşəkar fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər