Bakı.TurkicWorld:
2026-cı ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 18,857 milyon ton neft nəql edilib.
Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinin saytında dərc olunan hesabatda bildirilib.
TurkicWorld-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,712 milyon ton və ya 8,3 faiz azdır.
Belə ki, ötən ilin yanvar-sentyabr aylarında BTC ilə 20,569 milyon ton neft nəql olunub.
Hesabat dövründə BTC ilə nəql edilən neftin ümumi həcminin 82 faizi (15,456 milyon ton) Azərbaycanda hasil olunan xammalın, 18 faizi (3,401 milyon ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neftin payına düşüb.
bp-nin son məlumatlarına əsasən, 2006-cı ilin iyununda istismara veriləndən 2026-cı ilin iyununun sonunadək uzunluğu 1 768 kilometr olan neft kəməri ilə 4,7 milyard bareldən çox neft nəql edilib.
Hazırda kəmərlə əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan neft və "Şahdəniz" yatağından çıxarılan kondensat nəql edilir. Bundan əlavə, BTC vasitəsilə Xəzər hövzəsindən əlavə həcmdə neft və kondensat, o cümlədən Qazaxıstan və Türkmı̇nı̇standan daxil olan xammal, eləcə də SOCAR-ın Azərbaycanda hasil etdiyi digər neft həcmləri nəql olunmağa davam edir.
BTC Co. şirkətində iştirak payları aşağıdakı qaydada bölüşdürülüb: SOCAR – 32,97 faiz, bp – 30,10 faiz, MOL – 8,90 faiz, TPAO – 6,53 faiz, Eni – 5 faiz, TotalEnergies – 5 faiz, ITOCHU – 3,40 faiz, ONGC Videsh – 3,10 faiz, ExxonMobil – 2,50 faiz və INPEX – 2,50 faiz







