BAKI,TurkicWorld Yusif Şərifzadə
“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasser Hörmüz boğazında yaranmış fasilələrin qlobal enerji bazarına ciddi təsir göstərdiyini bildirib. TurkicWorld xəbər verir ki, o, mövcud vəziyyətin davam edəcəyi təqdirdə dünya bazarının hər həftə təxminən 100 milyon barel neft itkisi ilə üzləşəcəyini açıqlayıb.
Amin Nasser qeyd edib ki, fasilələrin daha bir neçə həftə davam etməsi vəziyyətin normallaşdırılmasını xeyli çətinləşdirəcək və proses gələn ilə qədər uzana bilər.
Şirkət rəhbərinin sözlərinə görə, əvvəllər Hörmüz boğazından gündə təxminən 70 gəmi keçirdiyi halda, hazırda bu göstərici iki ilə beş gəmi arasında dəyişir.
Ekspertlər hesab edirlər ki, Hörmüz boğazında daşımaların azalması qlobal neft tədarük zəncirinə və enerji qiymətlərinə ciddi təsir göstərə bilər. Regionda davam edən geosiyasi gərginlik isə beynəlxalq bazarlarda narahatlığı artırır.
Hörmüz boğazı dünya neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunur və burada yaranan hər hansı fasilə qlobal iqtisadiyyata birbaşa təsir edir.







