Tələb yaranarsa "TURKOVAC" Azərbaycanda da istehsal edilə bilər - Türkiyə Sağlamlıq Qurumları İdarəsinin rəhbəri (MÜSAHİBƏ)

Tələb yaranarsa "TURKOVAC" Azərbaycanda da istehsal edilə bilər - Türkiyə Sağlamlıq Qurumları İdarəsinin rəhbəri (MÜSAHİBƏ)

Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin rəhbəri Erhan Akdoğanın "TURKOVAC" vaksinin Azərbaycanda 3-cü faza klinik sınaqları ilə bağlı Trend-ə müsahibəsi

- Hazırda sınaqlar hansı mərhələdədir?

- Artıq vaksinin Azərbaycanda 3-cü faza klinik sınaqlarına başlanılıb. 2 doza "Sinovac" vaksini vurduran insanlara 3-cü doza olaraq "TURKOVAC" vaksini vurulacaq. Bu sınaq keçirildikdən sonra Azərbaycan hökumətinin icazəsi ilə ölkədə vaksinin geniş tətbiqinə başlanıla bilər.

Digər vaksinlər kimi "TURKOVAC"-ın da 3 doza vurulması nəzərdə tutullur. Hazırda Azərbaycana 1200 doza "TURKOVAC" vaksini gətirtilib. Ancaq gəlcəkdə nə qədər ehtiyac olarsa o qədər də vaksin Azərbaycana gətiriləcək. Hazırda Türkiyədə 5 milyon doza yaxın "TURKOVAC" vaksini istehsal edilib. Bir ayda 2 milyon doza qədər TURKOVAC vaksini istehsal edilir və gələcəkdə bu rəqəm artacaq. Hazırda "TURKOVAC" yalnız Türkiyədə istehsal olunur. Türkiyədə vaksinin geniş tətbiqinə artıq başlanılıb.

- Daha hansı ölkələrlə bu peyvəndin istehsalı planlaşdılır, belə bir təşəbbüs varmı?

- Hazırda bu vaksin yalnız Türkiyədə istehsal olunur. Hələ ki, başqa ölkədə istehsalla bağlı təşəbbüs yoxdur. Vaksin isehsalı üçün ona şərait lazımdır, texniki və kadr tələbləri yerinə yetirilməlidir. Əgər Azərbaycanda bu vaksinin istehsalına tələb yaranarsa və texniki şərtlər buna imkan verərsə "TURKOVAC" vaksini Azərbaycanda da istehsal edilə bilər.

Hazırda bu məsələ müzakirə edilmir. Ancaq əgər ehtiyac yaranarsa, Türkiyə bu istiqamətdə Azərbaycana hər cür dəstək göstərməyə hazırdır.

- Artıq dünyada bir çox vaksinlər var, bəs demək olarmı ki, pandemiya artıq bitir

- Hazırda koronavirus ştamlarının insanlara daha az təsir göstərməklə daha qısa müddətli olduğunu görürük. Tarixə nəzərə yetirdikdə əvvəlki pandemiyalar dönəmində də belə olub. Viruslar zəifləyərək aradan qalxıb. İndiki gedişat da ona işarət edir. Koronavirusun da artıq bir qrip halına döndüyünü görürük. Hazırda xəstəliyin daha asan keçdiyini görürük. Ancaq buna rəğmən yaşlılarda, xronik xəstəliyi olan insanlar və xəstəliyi ağır keçirə biləcək digər insanlarla bağlı diqqətli olmaq lazımdır.

- Sizə bundan sonra nə qədər müddət insanlar vaksindən istifadə etmək məcburiyyətində olacaq?

- İnsanların bundan sonra nə qədər müddət vaksindən istifadə edəcəyi barədə hələ bir söz demək çətindir. Pandemiyanın bundan sonrakı gedişatı onu göstərəcək. Bəlkə pandemiya bir qrip halına dönəcək. Bəlkə də insanlar necə ki, ildə bir dəfə qripə qarşı vaksin olurlarsa, bir dəfə də COVİD 19-a qarşı peyvənd olunmaq istəyəcəklər. Bunları indidən söyləmək çətindir.

- Tez-tez eşdirik ki, bu vaksin daha yaxşıdır, digəri baş ağrı yaradır və s. "TURKOVAC" -ın yan təsirləri nələrdir?

- Türkiyədə "TURKOVAC" peyvəndinin klinik sınaqları keçirildi və bu peyvəndin etibarlı olduğu müəyyən edildi. Hazırda peyvənd olunan 12 min insanı izləyiriq və hər hansı bir yan təsirin olub-olmadığını qeyd edirik. "TURKOVAC" vaksininin hər hansı bir ciddi yan təsiri müşahidə edilməyib. Ən çox görülən yan təsiri qolda ağrı olub ki, o da 24 saatı keçməyib. Nadir hallarda isə çox aşağı hərarət müşahidə edilib və qısa zamanda aradan qalxıb. Bu vaksin güvənli olaraq istifadə edilə bilər.