Son dəqiqə

Rufiz Hafizoğlu

İsrail Livanda “Hizbullah”a qarşı birbaşa müharibəyə başlayacaq?

Bakı. TurkicWorld

"Birbaşa toqquşma olmayacaq. İsrail "Hizbullah”a yalnız hava zərbələri və kiberhücumlar endirməklə kifayətlənəcək”.

TurkicWorld xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin bu dəfə Livanda "Hizbullah”a qarşı birbaşa müharibəyə başlaması ehtimalını şərh edərkən deyib:

"Dolayısı ilə İsrail hökuməti Livanla müharibəyə hazırlaşdıqlarını hər nə qədər elan etsə də, söhbət yalnız və yalnız hava hücumları və kiberhücumlardan gedəcək. Təl-Əvivin "Hizbullah”a qarşı Livanda quru əməliyyatlarına başlayacağını düşünmürəm. Amma məsələ ondadır ki, İranın elit qüvvəsi hesab edilən "Hizbullah” hazırda ciddi təhlükəsizlik böhranı içindədir”.

Həmsöhbətimiz məsələyə soyuqqanlı yanaşmağı vacib bilir:

"Bu gün dünyanı maraqlandıran əsas mövzulardan biri İsraillə "Hizbullah” arasında birbaşa toqquşmanın olub-olmayacağı məsələsidir. Məsələyə bir qədər soyuqqanlı yanaşsaq, daha yaxşı olar. Çünki burada vəziyyət heç də hər zaman öz pəncərəmizdən baxdığımız kimi deyil. İsrailin hər hansı bir rəsmi orqanı, güc strukturları bu əməliyyatın arxasında dayandıqlarını söyləməyib. Ümumiyyətlə, onlar bu hadisəni şərh etməkdən imtina edirlər. Bu da normaldır. Digər tərəfdən, "Hizbullah” lideri də elan etdi ki, peycer partladılması hadisələrinin arxasında İsrail dayanır və bu, müharibə elanıdır”.

Həmsöhbətiiz qeyd edir ki, İranın bölgədə dəstəklədiyi fanatik şiə qruplaşmaları arasında böhran yaşandığının işartıları görünməkdədir:

"İsrailin bu gün həyata keçirdiyi nöqtə atışından sonra "Hizbullah” daxilində ciddi təşviş var. Radio qəbuledici cihazlar "Hizbullah”a kim tərəfindən verilib? "Hizbullah” daxilində İsrail casus şəbəkəsi fəaliyyət göstərir, ya yox? Bütün bunlar hazırda "Hizbullah” rəhbərliyi, şəxsən Həsən Nəsrallahın masasında olan suallardandır. Aydın məsələdir ki, həmin radioqəbuledici cihazlar uzun müddət əvvəl qaçaqmalçılıq yolu ilə İran, İraq və Suriya ərazisindən Livana gətirilib. O zaman sual meydana çıxır, həmin koridorla İrana bağlı hansı qruplaşma həmin radioqəbuledici cihazları Livana ötürüb? Bu faktln özü İranın dəstəklədiyi fanatik şiəlik daxilində ciddi böhrana səbəb ola bilər. Bunun işartılarını artıq İraqda görürük. Həftənin əvvəlində İraqda belə bir insident oldu. İraqdakı bir sıra şiə qruplaşmaları arasında etibarlılıq problemi yaşanır”.

R. Hafizoğlu deyir ki, bu gün İsrailin masasında həll etmək istədiyi iki əsas məsələ var:

"Biri Qəzza məsələsini tam həll etməkdir. Burada məsələni hələ ki, tam olaraq həll edə bilməyiblər. Digər tərəfdən, İordan çayının qərb sahilində olan və artıq qaynayan problem də var. Oranın da İsrailə ilhaq olunması məsələsi gündəmdədir”.

Qeyd edək ki, son günlər İsrail rəsmiləri Qəzzadakı əməliyyatın ardınca ölkənin şimalında, Livandakı "Hizbullah” təşkilatına qarşı müharibəyə başlayacaqlarını bəyan edirlər. Ən azından İsralin müdafiə naziri bəyan edib ki, yaxın zamanlarda müharibənin ağırlıq mərkəzi şimala, Livanla sərhədə yönələcək. Bu isə o anlama gəlir ki, Təl-Əviv növbəti mərhələdə "Hizbullah”a qarşı müharibədə maraqlıdır. Bəzi ekspertlər "Hizbullah” üzvlərinə qarşı həyata keçirilən peycer hücumlarına da qruplaşma ilə müharibəyə hazırlıq mərhələsi kimi baxırlar.

Mövzuya görə xəbərlər