Son dəqiqə

Rufiz Hafizoğlu

Azərbaycanın “humanitar körpü” modeli sistemli xarakter daşıyır - Rufiz Hafizoğlu

BAKI. TurkicWorld:

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindədir. Qlobal və regional münaqişələr, humanitar böhranlar və geosiyasi rəqabət dövlətlərin xarici siyasət prioritetlərini yenidən formalaşdırır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və Afrika qitəsində humanitar problemlərin artması fonunda dövlətlər yalnız hərbi və siyasi deyil, humanitar alətlər vasitəsilə də təsir imkanlarını genişləndirirlər. Bu mürəkkəb şəraitdə Azərbaycan özünü yalnız regional aktor kimi deyil, müxtəlif münaqişə zonaları arasında əlaqələndirici "humanitar körpü" kimi təqdim edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu söyləyib. O qeyd edib ki, bu gün Azərbaycanın humanitar siyasəti formal yardım çərçivəsindən kənara çıxaraq strateji xarakter daşımaqdadır. Bu siyasət ölkənin çoxvektorlu diplomatiyasının mühüm komponentidir və onun əsas məqsədi müxtəlif geosiyasi mərkəzlərlə balanslı münasibətləri qorumaq, eyni zamanda, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini gücləndirməkdir ki, rəsmi Bakı bunu dəfələrlə peşəkar səviyyədə sübut edib. Humanitar yardım bu baxımdan həm siyasi mesaj, həm də diplomatik təsir aləti kimi çıxış edir.

Bu siyasətin ən diqqətçəkən istiqamətlərindən biri Azərbaycanın Ukrayna ilə bağlı fəaliyyətində özünü göstərir. Müharibənin başlanmasından etibarən Azərbaycan Ukraynaya enerji infrastrukturu üçün texniki avadanlıq, tibbi vasitələr və sosial yardım paketləri göndərib. Bu addımlar bir tərəfdən beynəlxalq hüquqa sadiqliyin ifadəsi kimi qiymətləndirilir, digər tərəfdən isə Azərbaycanın Qərb ilə münasibətlərində müsbət siyasi fon yaradır. Bununla belə, Bakı hərbi müdaxilədən uzaq duraraq balanslı mövqeyini qoruyur.

Ukrayna Prezidenti Volodomir Zelinksi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı da bu məsləyə toxundu. Münaqişə zamanı humanitar yardımın çatdırılması bir dövlətin bunu siyasətdən kənar saxlayaraq milli strategiya halına çevirməsi olduqca az rast gəlinən bir haldır. Azərbaycan sözün əsl mənasında humanitar sahəni milli strategiya hesab edən nadir dövlətlərdən biridir.

Ölkəmizin humanitar missiyası yalnız Ukrayna ilə bitmir

"Azərbaycanın İran ilə münasibətləri isə humanitar diplomatiyanın daha incə və həssas tərəfini ortaya qoyub. Siyasi gərginliklərə baxmayaraq, humanitar əməkdaşlıq kanallarının açıq saxlanılması Bakının regionda eskalasiyanın qarşısını almaq siyasətinin tərkib hissəsinə çevrilib. Bu yanaşma göstərir ki, humanitar əlaqələr yalnız sosial yardım deyil, eyni zamanda, diplomatik dialoq üçün alternativ mexanizm rolunu oynayır.

Bütün bunlarla yanaşı, Yaxın Şərq istiqamətində Azərbaycanın humanitar fəaliyyəti xüsusilə diqqətəlayiqdir. 2020-ci ildə Beyrut limanı partlayışı nəticəsində Livan paytaxtında baş verən dağıntılar və humanitar böhran fonunda Azərbaycan operativ şəkildə yardım göstərən ilk ölkələr sırasında oldu. Tibbi ləvazimat, dərman vasitələri və digər zəruri humanitar yüklər Livana göndərildi. Bu addım Azərbaycanın yalnız region daxilində deyil, daha geniş coğrafiyada humanitar məsuliyyət götürmək iradəsini nümayiş etdirdi",- deyə R. Hafizoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, bu günə kimi Livana bir çox məsələdə humanitar yardım etməyən ərəb ölkələri var.

Eyni yanaşma Suriya ilə bağlı siyasətdə də özünü göstərir. Uzun illər davam edən müharibə nəticəsində ciddi humanitar böhran yaşayan Suriyaya Azərbaycan müxtəlif platformalar vasitəsilə, eləcə də birbaşa yardım göstərib. Xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində tibbi və humanitar dəstək proqramlarında iştirak etməsi Azərbaycanın bu ölkəyə dolayı, lakin davamlı yardım siyasətinin göstəricisidir. Bu yardımın əsas məqsədi münaqişənin tərəfi olmaq deyil, humanitar böhranın təsirlərini azaltmaqdır.

Bu kimi misalları çox çəkmək olar.

Azərbaycanın humanitar siyasətində Afrika istiqaməti

Azərbaycanın humanitar siyasətində Afrika istiqaməti də mühüm yer tutur. BMT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən layihələr vasitəsilə Bakı Afrika ölkələrinə maliyyə, tibbi və texniki yardım göstərir. Bu fəaliyyət yalnız humanitar məqsədlərlə məhdudlaşmır, həm də beynəlxalq təşkilatlarda siyasi dəstəyin təmin olunmasına xidmət edir.

Bütün bu istiqamətlər Azərbaycanın "humanitar körpü" modelinin sistemli xarakter daşıdığını göstərir. Bu model sayəsində Azərbaycan eyni vaxtda bir-biri ilə rəqabət aparan və hətta qarşıdurma vəziyyətində olan dövlətlərlə münasibətləri qoruyub saxlayır. Bakı özünü münaqişələrin tərəfi kimi deyil, humanitar əlaqələndirici kimi təqdim edir və bu da ona diplomatik manevr imkanları qazandırır.

Qlobal güclər arasında rəqabətin dərinləşməsi balansın qorunmasını çətinləşdirdiyi bir dövrdə, bu humanitar kurs müəyyən risklər ehtiva etməsinə baxmayaraq, rəsmi Bakı bu missiyanın öhdəsindən ustalıqla gəlir.

"Azərbaycanın münaqişə dövrlərində həyata keçirdiyi humanitar yardım missiyası onu beynəlxalq münasibətlər sistemində fərqləndirən əsas amillərdən birinə çevrilib. Ukrayna, İran, Livan, Suriya və Afrika istiqamətlərində paralel fəaliyyət göstərmək ölkəni müxtəlif geosiyasi qütblər arasında əlaqə yaradan nadir aktorlardan birinə çevirir. Bu isə Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə də təsir imkanlarının artdığını göstərir", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər