BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilərək “Tramp boğazı” adlandırılmasını təklif edib. O, bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
TurkicWorld xəbər verir ki, Donald Tramp paylaşımında Hörmüz boğazının hazırda ABŞ-nin nəzarətində olduğunu iddia edib və bu səbəbdən boğazın adının dəyişdirilməsi məsələsini gündəmə gətirib.
“İndi boğaz ABŞ-nin nəzarətində olduğuna görə, Hörmüz boğazının adını ‘Tramp boğazı’ olaraq dəyişdirməliyikmi?” – deyə ABŞ Prezidenti bildirib.
Tramp yeni adla boğazın əvvəlkindən daha çox diqqət mərkəzində olacağını qeyd edib və paylaşımını öz adı ilə tamamlayıb.
ABŞ Prezidentinin açıqlaması Hörmüz boğazı ətrafında hərbi gərginliyin davam etdiyi bir vaxtda verilib.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirən mühüm dəniz keçididir. Boğaz xüsusilə enerji daşımaları baxımından dünya üçün strateji əhəmiyyət daşıyır.
Trampın təklifi ilə bağlı boğazın sahilyanı dövlətlərinin mövqeyi barədə təqdim olunan məlumatda hər hansı açıqlama yer almayıb.






