Son dəqiqə

Rufiz Hafizoğlu İkinci Qarabağ Müharibəsi Nassim Nikolas Taleb Azərbaycan Nikolas Taleb Ruben Vardanyan Ruben Vardanyanın həbsi Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan münasibətləri Azərbaycan əleyhinə bəyanatlar

Sarkisyan ermənilərə çağırış edəndə Taleb niyə susurdu? - Rufiz Hafizoğlu

BAKI,TurkicWorld

Azərbaycan Qarabağın işğalı dövründə, eləcə də işğaldan azad olunduqdan sonra da daim ermənilərin və onların əlaltılarının şər-böhtanına, qarayaxma kampaniyalarına məruz qalıb. Ölkəmizi bu yollarla beynəlxalq arenada gözdən salmağa çalışanlar əslində özlərini gülünc vəziyyətə salırlar. Söhbət Qarabağda dinc sakinləri qətlə yetirənləri müdafiə edənlərdən gedir. Onlardan biri də Livan əsilli amerikalı yazıçı Nassim Nikolas Talebdir.

Yazıçının son vaxtlar sosial şəbəkələrdə Azərbaycana qarşı açıq qərəzli mövqe sərgiləməsi, 2023-cü ildə Laçın sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan və hazırda Bakıda terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak və digər ittihamlarla həbsdə olan erməni separatçısı, milyarder Ruben Vardanyana “haq qazandıran” mövqedən çıxış etməsi bir sıra yerli və xarici siyasətçilər, o cümlədən tanınmış şəxslər tərəfindən birmənalı qarşılanmadı.

Belə ki, Taleb Vardanyanın Bakıda həbsdə olmasına etiraz edərək Azərbaycana gəlməkdən və mühazirə oxumaqdan imtina etdiyini bildirib. O, hətta qonorar təklifinin əhəmiyyətli dərəcədə artırılmasına baxmayaraq, Azərbaycanda mühazirə oxumaq dəvətini rədd etdiyini iddia edib. Bununla yanaşı, siyasətlə mədəni əlaqələri qarışdıran yazıçı Vardanyanın Bakıda həbsdə qaldığı müddətdə ölkəyə səfər etməyəcəyini də vurğulayıb. Taleb sonrakı paylaşımlarında seperatçını öz “dostu” adlandırıb və onun “siyasi məhbus” olduğunu iddia edib.

Xarici bir yazıçının Azərbaycanın daxili siyasəti və məhkəmə prosesləri ilə bağlı bu cür mövqe sərgiləməsi nə dərəcədə doğrudur?

TurkicWorld xəbər verir ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini Rufiz Hafizoğlu Patrul.az-a bu məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Taleb kimi xristian birləşməsinə mənsub maronilər həmişə Azərbaycana qarşı bu cür mövqedən çıxış ediblər:

“Bu gün Azərbaycanı bu cür absurd bəyanatlarla öz aləmində boykot etməyə çalışan və bu düşüncədə olan Nikolas Taleb əslində beynəlxalq erməni lobbisi ilə, ümumiyyətlə, ermənilərlə çiyin-çiyinə hər zaman fəaliyyət göstərən, eləcə də onlarla xristian dayanışması və həmrəyliyi nümayiş etdirən Livan maroni etnik qrupunun üzvüdür.

Məhz bu maronilər Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı törədilən bir çox cinayətlərdə iştirak ediblər. Təbii ki, ermənilərlə birlikdə Livandan buraya xristian dayanışması və həmrəyliyi adı altında minlərlə maroni gəlmişdi. Bunların maliyyə dəstəyi isə, şübhəsiz ki, Yaxın Şərqdə yerləşən xristian mərkəzləri tərəfindən göstərilib. Təəssüflər olsun ki, bu, bir gerçəkdir. Misir kilsəsi başda olmaqla, digər müəyyən dini dairələrin də bu məsələdə, Birinci Qarabağ müharibəsində ciddi dəstəyi olub.

Təbii ki, bu dövlətlərin rəsmi mövqeyi olmasa da, dövlət içində dövlət qurmağa çalışan ermənilərin və radikal xristian qruplaşmalarının hər zaman belə bir istəyi olub və bunu da, təəssüflər olsun ki, həyata keçiriblər”.

Həmsöhbətimiz Böyük Vətən müharibəsi zamanı Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın 1 oktyabr 2020-ci il tarixində Qətərin Əl-Cəzirə telekanalına verdiyi rəsmi müsahibədə xaricdəki ermənilərin Azərbaycana qarşı döyüşməyə gəlməsinə bəraət qazandırmasını və bunu açıq şəkildə müdafiə etməsini xatırladaraq, həmin vaxt Taleb kimilərinin buna səssiz qalmalarını da kəskin tənqid edib:

“Nikolas Talebin öz aləmində Azərbaycanı boykot etməsi ölkəmiz üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Müəyyən dairələr mesaj olaraq bu sualı onlara versinlər:

Maraqlıdır ki, İkinci Qarabağ müharibəsində Livanda və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, Yaxın Şərqdəki xristian qrupları Azərbaycan xalqına qarşı açıq şəkildə mövqe sərgiləyirdilər. Həmin vaxt “Əl-Cəzirə” telekanalında yayımlanan Ermənistan Prezidenti Armen Sarkisyanın müsahibəsində o, açıq şəkildə xaricdə yaşayan erməniləri Qarabağda Azərbaycan ordusuna qarşı mübarizəyə səslədi. Bu da təbii olaraq beynəlxalq hüququn pozulması idi.

Bax, elə o vaxt yazıçı Nikolas bu qanun pozuntusuna qarşı hər hansı bir boykot çağırışı etdimi?! Əgər belə bir şey edibsə – əminəm ki, etməyib də… O zaman nə üçün bunu Azərbaycan üçün edib? Ona görə ki, burada bir xristian dayanışması var”.

R. Hafizoğlu Azərbaycanın bu məsələdə haqlı olduğunu bir daha xatırladıb:

“Digər tərəfdən, Azərbaycan hüquqi dövlətdir. Ölkəmizin terrorçu kimi qəbul etdiyi bu şəxslər, qeyri-qanuni qruplaşmaların üzvləri qanun qarşısında cavab verirlər. Dünyanın hansı ölkəsindən onları müdafiə etsələr də, kimliyindən asılı olmayaraq Azərbaycanın bu separatçıları mühakimə etmək haqqı var. Yəni ölkəmiz üçün bu cür absurd bəyanatların heç bir hüquqi statusu yoxdur. Bizim onlara yetərincə cavab vermək haqqımız da var.

Suallardan birini cavab şəklində Talebə də vermək olar: İkinci Qarabağ müharibəsində Armen Sarkisyan erməniləri və xristianları Azərbaycana qarşı qaldıranda indi səsi çıxan şəxslər ona qarşı hər hansı açıqlama verdilərmi?! Təbii ki, yox… Azərbaycana bu kimi öz aləmlərində təzyiq göstərmə mexanizmlərinin heç bir əhəmiyyəti yoxdur. Bu şəxslər qanun qarşısında terrorçu kimi tanınmalıdırlar. Bakıda həbsdə olan separatçıların terrorçuluq fəaliyyətləri sübut olunub. Azərbaycana da bu mövqedən çıxış edənlərin hər hansı bir təsiri yoxdur”.

Mövzuya görə xəbərlər