BAKI,TurkicWorld
Dünən axşam İranın hücumları nəticəsində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Hörmüz boğazını keçmək üçün inşa etdiyi Fuceyra boru kəməri ciddi ziyan görüb.
Bu, ölkənin yeganə qalan neft ixrac çıxışına böyük zərbədir. Zərərin miqyası məlum deyil, amma burada əsas məqam odur ki, BƏƏ OPEC-dən çıxdığı üçün artıq kvota limiti yoxdur. O, illərdir genişləndirdiyi bu boru kəməri vasitəsilə neft ixracını artıracaqdı.
Bu hücum əslində bu ayrılmanın nəticəsi və ya təhdidi kimi qəbul edilə bilər. Artıq BƏƏ hasilat artırma planlarını təxirə saxlamağı planlaşdırır.
İranın bundan sonra da BƏƏ-yə raket zərbələri endirməsi ehtimalı istisna deyil. Ən maraqlısı isə son proseslər fonunda belə bir iddialar səsləndirilir ki, İranın BƏƏ-yə davamlı zərbələri Səudiyyə Ərəbistanın maraqlarına uyğundur.
TurkicWorld xəbər verir ki,məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Ər-Riyad üçün BƏƏ deyil, İran təhlükəsi daha real görünür:
“Bildiyimiz kimi, Körfəzdə vəziyyət yenidən gərginləşib. Dünən axşam saatlarında BƏƏ-nin neft infrastrukturu, eləcə də Körfəz sularında hərəkət edən bəzi ölkələrin gəmiləri İranın hücumuna məruz qalıb.
Hazırki vəziyyət fonunda iddia olunur ki, İranın BƏƏ-yə hücumları Səudiyyə Ərəbistanın maraqlarına xidmət edir. Hesab edirəm ki, bu kimi iddialar yalnışdır. Bəli, bu, ümumi maraqlara xidmət edə bilər, amma əsas məsələ burasındadır ki, Səudiyyə Ərəbistan daxil olmaqla Körfəz ölkələr üçün İran təhlükəsi daha aktual və realdır.
BƏƏ Ər-Riyad üçün o qədər də təhlükəli deyil. Bu baxımdan, İranın BƏƏ-yə hücumlarını Səudiyyə Ərəbistanın xeyrinə olduğu kimi qiymətləndirmək doğru olmaz.
Ər-Riyad və Əbu- Dabi arasında ixtilafa gəlincə, belə bir hal mövcuddur. İxtilafın da müəyyən səbəbləri var”.
Ekspert bildirib ki, bu, Yəmən və Sudan münaqişəsi, o cümlədən regional liderlik uğrunda mübarizə ilə əlaqələdir:
“Səudiyyə Ərəbistanı Körfəz bölgəsində liderlik missiyasını öz üzərinə götürüb. Bu missiyada nə qədər uğurludur, bu, tamam başqa bir məsələdir. Ancaq bu məsələyə ümumi baxanda, Körfəz bölgəsində regional liderlik uğrunda üç ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər mübarizə aparır.
Zamanında Küveyt də liderlik missiyasında öz sözünü deyirdi, amma hazırda bu missiyanı həyata keçirə bilmir. Şimali Afrikada isə əsasən Əlcəzair, Misir və Mərakeş arasında liderlik uğrunda mübarizə gedir”.







