BAKI,TurkicWorld
Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.
Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistanın Xəzər sahilində (Türkmənbaşı şəhəri yaxınlığında) yerləşən "Avaza" Milli Turizm Zonasında keçirilir. Tədbir Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyinə həsr olunub və Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində əsas hadisədir.
Sammit iştirakçıları siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı müzakirə edir, Birliyin cari ildəki fəaliyyətinin yekunlarını vurur və gələcək üçün prioritet vəzifələri müəyyənləşdirirlər. Gündəliyə, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi, hüquq-mühafizə, mədəni-humanitar və informasiya sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, eləcə də MDB ölkələrinin xarici siyasət koordinasiyasının möhkəmləndirilməsinə yönəlmiş sənədlərin baxılması daxildir.




