BAKI,TurkicWorld
Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində gələcək əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirib.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.
Sadır Japarovun sədrliyi ilə keçirilən iclas beynəlxalq və regional məsələlərə, təşkilatın gələcək inkişafına, təhlükəsizlik, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə həsr olunub.
Sadır Japarov ŞƏT-in bərabərhüquqlu tərəfdaşlıq məkanı kimi möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və təşkilatın blok təfəkküründən və qarşıdurmadan uzaq qalmalı olduğunu qeyd edib.
"Təşkilat bundan sonra da blok təfəkküründən və qarşıdurmadan uzaq qalmalı, həmçinin etimadın möhkəmləndirilməsi, sülh və sabitliyin təmin edilməsi üçün platforma rolunu oynamalıdır", - deyə dövlət başçısı bildirib.
Qırğızıstan Prezidenti, həmçinin səmərəli və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılmasının zəruriliyini vurğulayıb və üzv dövlətlərin təhlükəsizliyinə çağırış və təhdidlərə qarşı mübarizə üzrə ŞƏT-in Universal Mərkəzinin fəaliyyətinə mümkün qədər tez başlanmasına çağırıb.
Onun sözlərinə görə, Bişkekdə Beynəlxalq Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin fəaliyyətə başlaması üçün bütün zəruri şərait yaradılıb.
Sadır Japarov, həmçinin ŞƏT çərçivəsində iqtisadi əməkdaşlığın yeni səviyyəyə çıxarılmasına çağırıb və ŞƏT İnkişaf Bankının yaradılması məsələsinin praktiki şəkildə irəlilədilməsinin vacibliyini vurğulayıb.
O, üzv dövlətləri və işgüzar dairələri bu ilin iyulunda İssık-Kul vilayətində fəaliyyətə başlayan "Tamçı" Xüsusi Maliyyə İnvestisiya Ərazisinin imkanlarından birgə layihələrin həyata keçirilməsi üçün istifadə etməyə dəvət edib.
Qırğızıstan Prezidenti nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsinin də vacibliyini qeyd edərək, "Çin - Qırğızıstan - Özbəkistan" dəmir yolunun tikintisi layihəsini bu istiqamətdə əsas praktiki addımlardan biri adlandırıb.
Bundan əlavə, Sadır Japarov mədəni-humanitar əməkdaşlığın inkişaf etdirilməsinin və ŞƏT-in vahid texnoloji məkanının formalaşdırılmasının vacibliyini vurğulayıb.
"Dövlətlərin müasir texnologiyalara bərabər çıxışını təmin etmək vacibdir ki, rəqəmsal bərabərsizlik yeni ayırıcı xəttə çevrilməsin", - deyə prezident bildirib.
İclasın sonunda Sadır Japarov ŞƏT-də sədrliyi Pakistana təhvil verib.







