Son dəqiqə

Qazaxıstan

Qazaxıstanda İslam bankçılığının payı 420 milyon dollara çatıb

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədr müavini Oljas Kizatov Qazaxıstanın bank aktivlərinin ümumi həcmində İslam banklarının payının 195 milyard tenge (419,2 milyon dollar) çatdığını bildirib.

TurkicWorld xəbər verir ki, o bunu Avrasiya İnkişaf Bankının (AİB) Almatıda keçirilən biznes forumu çərçivəsində “Mərkəzi Asiyada İslam Maliyyəsi” sessiyasında çıxışı zamanı deyib.

“İslam maliyyəsinin inkişafı əhalinin standart alətlərdən istifadə edə bilməyən geniş təbəqələri üçün maliyyə inklüzivliyinin və İslam maliyyəsinə çıxış imkanlarının artırılmasına kömək edir. Qazaxıstan İslam banklarının fəaliyyəti üçün zəruri qanunvericilik bazasını yaradıb. Bu günə kimi Qazaxıstanda iki İslam bankı fəaliyyət göstərir. 2024-cü il mayın 1-nə islam banklarının ümumi bank aktivlərindəki payı 195 milyard tenge təşkil edib”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanda islam maliyyəsinin inkişafı, bank sektorunda rəqabətin artması və iqtisadiyyata kredit qoyuluşunun həcminin genişləndirilməsi üçün “İslam pəncərələri” çərçivəsində klassik universal banklar tərəfindən islam maliyyəsinin həyata keçirilməsi imkanlarının yaradılması nəzərdə tutulur.

“Qazaxıstanda islam bankları əsasən korporativ sektorun kreditləşdirilməsi ilə məşğuldur. İqtisadiyyatın sektorları baxımından İslam banklarının kredit portfelinin 23 faizi topdan və pərakəndə ticarətin, 17 faizi emal sənayesinin, 15 faizi isə tikintinin payına düşür”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən Avrasiya İnkişaf Bankının (AİB) Biznes Forumunda “Mərkəzi Asiyada İslam Maliyyəsi” mövzusunda birinci sessiya keçirilib.

Sessiya iştirakçıları Mərkəzi Asiya dövlətlərində layihələrin maliyyələşdirilməsinin fundamental prinsiplərini müzakirə etmiş, bununla bağlı problemlər və onların həlli mexanizmlərini nəzərdən keçirmişlər.

Qeyd edək ki, Dünya bank aktivlərində İslam maliyyəsi sektoru, 2024-cü ilin əvvəlinə olan məlumatlara görə, iki faizdir, lakin bu, artıq 4 trilyon dollardır və sürətlə artmağa davam edir. Həqiqətən də, 2015-2021-ci illər ərzində qlobal miqyasda İslam aktivləri 10,5 faiz orta illik artım tempi ilə ənənəvi maliyyə aktivlərinin 5,8 faizlik artım tepmi arasındaki müqayisədə öz inkişaf trendini göstərir.

Həmçinin, İslam bankları hazırda 40-dan çox ölkədə güclü mövqe qazanıb və klassik kredit təşkilatları ilə səmərəli rəqabət aparmağa çalışırlar.

Mövzuya görə xəbərlər