Son dəqiqə

Azərbaycan Tarif Şurası

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dəyişib

Bakı. TurkicWorld:

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dəyişib.

TurkicWorld xəbər verir ki, bu barədə Tarif Şurasının qərarında bildirilib.

Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Qeyd olunub ki, dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb.

"Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir", - Şuradan bildirilib.

Qeyd edək ki, ölkədə Aİ-92 markalı benzinin litri bu zamana kimi 1 manat idi.

Xatırladaq ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Digər markalı benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır.

Mövzuya görə xəbərlər