Qazaxıstan və Çin hərtərəfli strateji tərəfdaşlığı gücləndirməkdə davam edir

Qazaxıstan və Çin hərtərəfli strateji tərəfdaşlığı gücləndirməkdə davam edir

Bakı. TurkicWorld:

Çin tərəfinin dəvəti ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu Çin Xalq Respublikasına rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində iki ölkənin xarici işlər nazirləri səviyyəsində Strateji Dialoqun ilk iclası keçirilib, onun yaradılmasına dair müvafiq memorandum tərəflər tərəfindən həmin gün imzalanıb.

Çinin xarici işlər naziri Van Yi ilə danışıqlar zamanı siyasi, ticarət-iqtisadi, investisiya və mədəni əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə olunub.

Tərəflər ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçirib, ikitərəfli əməkdaşlığın bütün spektri üzrə Qazaxıstan-Çin münasibətlərinin inkişaf dinamikasını yüksək qiymətləndiriblər.

“Biz Pekinlə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq qurmuşuq və bu, liderlərimizin şəxsi dostluq əlaqələri sayəsində möhkəmlənir. Keçən ilin nəticələrinə görə, Çin Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olub”, - deyə nazir Nurtleu bildirib.

Van Yi isə çıxışı zamanı bildirib ki, Çin iki ölkənin xalqlarının rifahı naminə əməkdaşlığı tam gücləndirməyə və genişləndirməyə hazırdır.

Qeyd edək ki, 2023-cü ildə Qazaxıstan və Çin arasında ikitərəfli ticarət dövriyyəsi 30%-dən çox artaraq 41 milyard ABŞ dolları təşkil edib. Bu kontekstdə, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə iqtisadi, nəqliyyat və logistika layihələrinin daha da təşviqinə xüsusi diqqət yetirilib.

X: Lamanasadli01