"Qum-Dəniz" yatağından neft hasilatının həcmi açıqlanıb

"Qum-Dəniz" yatağından neft hasilatının həcmi açıqlanıb

Bakı. TurkicWorld:

2022-ci ilin dördüncü rübündə Azərbaycanın "Qum-Dəniz" yatağından neft hasilatının həcmi orta hesabla gündəlik 66 ton təşkil edib, proqnozlaşdırılan gündəlik həcm isə 101 ton idi.

TurkicWorld bu barədə layihəni özünün BEOC törəmə şirkəti vasitəsilə idarə edən Amerikanın Greenfields Petroleum şirkətinə istinadən xəbər verir.

2021-ci ilin dördüncü rübündə yataqda gündəlik 77 ton neft hasil olunub. Beləliklə "Qum-dəniz" yatağında hasilatın həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 14,3 faiz azalıb.

2022-ci ilin son rübündə yataqdan satış nöqtəsinə daşınan neft həcmi 2021-ci ilin analoji dövründəki 75 tonla müqayisədə 66 ton təşkil edib.

Qeyd edək ki, Greenfields Petroleum Corporation əsasən Azərbaycanda neft-qaz ehtiyatlarının işlənməsi və hasilatı üzrə ixtisaslaşıb. Korporasiya özünün Bahar Enerci Limited törəmə şirkəti vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti ilə bağladığı Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə 80 faiz paya malikdir.

"Qum-Dəniz" neft yatağı Abşeron yarımadasından cənub istiqamətində, Bakıdan 21 km cənubda Qum adası ilə "Bahar" qaz yatağı arasında yerləşir.

"Bahar" qaz yatağı 1969-cu ildən işlənilir və Bakıdan 40 km cənub-şərqdə yerləşir.

Twitter: @Lyaman_Zeyn